MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 1-də Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşdü.
Qonağı salamlayan Bahar Muradova bildirdi ki, Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığa böyük önəm verir. Uzun illərdir ki, bu təşkilat qarşıda dayanan vəzifələrin həyata keçirilməsi üçün şəffaf fəaliyyət göstərir. Əməkdaşlığımız həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir.
Qarşılıqlı görüşlərin intensivliyinin artırılmasının vacibliyini qeyd edən Milli Məclis sədrinin müavini ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün keçirdikləri narahatlığa görə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, biz əsirlikdə yaşayan bütün insanların azad edilməsinin tərəfdarıyıq.
Söhbət zamanı Bahar Muradova Ermənistanla təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həlli, ermənilərin girov götürdüyü Elvin İbrahimovun azad edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğunu vurğuladı.
Xoş sözlər üçün təşəkkürünü bildirən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera qurumun ölkəmizlə yaxşı əməkdaşlıq qurduğunu, parlamentlə də qanunvericilik istiqamətində uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı. O, bu faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirdi. Qonaq diqqətə çatdırdı ki, onlar girov götürülmüş şəxslərə mütəmadi olaraq baş çəkir, onların sağlamlıqları ilə maraqlanır və ailələrinə məlumat verirlər.
Söhbət zamanı qarşıda dayanan digər vəzifələr və görüləcək işlər barədə də fikir mübadiləsi aparıldı.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   1 Apr 2019 / 22:40


« Əvvəlki xəbər (6146 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR