Goranboyda “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib

Aprelin 23-də Goranboydakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Gəncə və Naftalan şəhərlərinin, Kəlbəcər, Xocalı, Göygöl, Samux və Daşkəsən rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Goranboy rayonunda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb, rayonda bütün vətəndaşların özlərinin adət-ənənələrinin və dini ayinlərinin icrası üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. Məhərrəm Quliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub. M.Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dini dözümlülüyün və tolerantlığın dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirildiyini vurğulayıb, respublikamızın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin dünyada məqbul bir model kimi yüksək qiymətləndirildiyini söyləyib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dünyada xaotik vəziyyətin formalaşmasında maraqlı olan qüvvələrin mövcudluğu hər kəsə məlumdur. Həmin qüvvələr müxtəlif cəmiyyətlərdə fərqli qarşıdurma “alətləri”ndən istifadə etməklə insanların təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamasına birbaşa maneçilik törədirlər. S.Heydərov qeyd edib ki, Yaxın Şərq təcrübəsi göstərir ki, bütün bunların kökündə geosiyasi və geoiqtisadi maraqları olan, xüsusilə İslam dininin artan nüfuzunun qarşısının alınmasına çalışan qüvvələrin fəaliyyəti dayanır. Onun sözlərinə görə, İslam dininin xurafat və terror dini kimi təqdim edilməsinin, məzhəb ayrı-seçkiliyi və dini nifrətin qızışdırılmasının da bu proseslərdə nəzərəçarpacaq rolu var.
Sədr müavini diqqətə çatdırıb ki, bütün bu qeyd edilənlərin kontekstində Azərbaycan fərqli baxış bucağı ortaya qoyur. Azərbaycan Respublikasının Prezidenti “İslam Həmrəyliyi İli” elan etməklə növbəti dəfə bəşəriyyəti ciddi narahat edən təhlükənin qarşısının alınması üçün yol xəritəsini nümayiş etdirib. O vurğulayıb ki, İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı mübarizə və reabilitasiyada ən səmərəli vasitəsidir, xüsusilə məzhəbçilik və dini təhlükəsizlik problemlərinin həllinin açarıdır. “Biz dinin siyasiləşdirilməsi və məzhəbçiliyi yolverilməz hesab edirik, ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayırlar. İnanclı insanların birgə, vəhdət halında ibadət etməsinin yeni bir nümunəsi ortaya qoyulub”, - deyə Səyavuş Heydərov qeyd edib.
Komitə rəsmisi əlavə edib ki, bu sabitliyin, təhlükəsizliyin və həmrəyliyin qorunması, o cümlədən milli dini kadrların yetişdirilməsi, yeni nəsil gənclərin məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “ideologiyalar”ın, meyillərin təsirindən qorunması dövlətin din siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Daha sonra çıxış edən Respublika Prokurorluğunun nümayəndəsi Rauf Məmmədov və Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və onun fəsadları, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında geniş məlumat veriblər. Eyni zamanda, ölkədə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.
Çıxışlarda dini zəmində baş verən cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş cəzalar barədə məlumat verilib, radikal meyilli təriqətlərin öz çirkin məqsədlərinə nail olmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etdikləri, xüsusilə də bəzi vətəndaşların dini savadlarının zəif olmasından sui-istifadə edərək onları asanlıqla öz təsirləri altına saldıqları bildirilib. Bu səbəbdən də belə mənfi meyillərin qarşısının ciddi şəkildə alınmasının, nəzarət tədbirlərinin gücləndirilməsinin, həmçinin birgə mübarizə tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov çıxışında regionlarda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasında xüsusi rolunu qeyd edib.
Seminar-müşavirə müzakirələrlə davam edib.



Xəbərlər  Tarix:   23 Apr 2019 / 22:32


« Əvvəlki xəbər (5873 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR