“Döyüşə biz də hazırıq”“Döyüşə biz də hazırıq”

Artilleriya qoşunlarının döyüş prosesində mühüm əhəmiyyətə malik olması danılmaz faktdır. Bu gün dünyada baş verən beynəlxalq və regional münaqişələrdə artilleriya istənilən döyüşün müqəddəratını dəyişmək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri də münaqişənin gedişində artilleriyanın əhəmiyyətini sübut etdi.
Azərbaycanın hərb tarixinə nəzər salsaq görərik ki, bu torpaq çoxlu sayda təcrübəli artilleriyaçılar yetişdirib. Döyüş meydanında öz sözünü demiş görkəmli artilleriyaçılarımız - Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov, Yaqub Qasımov irsinin davamçıları olan gənc topçularımız da öz üzərlərində daim çalışır, bilik və bacarıqlarını artırırlar. Qəhrəmanlıq ənənələrinə sadiq olan hərbçilərimiz və onların tabeliyində xidmət edən əsgərlərimiz döyüş hazırlıqlarını durmadan yüksəldirlər. Ön xətdə xidmət edən topçularımızla tanışlıqdan sonra bunun bir daha şahidi oldum.
Döyüş hazırlığı məşğələsində verilən tapşırıqlar şəxsi heyət tərəfindən normativə uyğun və çevik icra olunurdu. Məşğələdə heyət nəfərlərinin hər birinin öz vəzifə borcunu dərindən mənimsəməsi aydın hiss olunurdu.
Üzərlərinə düşən əsas vəzifənin şəxsi heyətə yüksək bilik və bacarıq aşılamaq olduğunu deyən kiçik çavuş Yasin Alıyev təlimlərin də önəmindən bəhs etdi. "Təlim və dərs proseslərində bütün normativlərin vaxtında və dəqiq yerinə yetirilməsi əsas prinsip kimi götürülür. Çünki artilleriya yüksək dəqiqlik tələb edir. Atəş mövqeyinin tutulması, texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi də yüksək peşəkarlıq tələb edən proseslərdir. Əsgərin ona verilən tapşırığın öhdəsindən bacarıqla gəlməsi önəmli məsələdir. Tapşırıqların operativ şəkildə yerinə yetirilməsi artilleriya qoşunlarında tələb olunan vacib şərtlərdən biridir. Dərslər, təlimlər sayəsində şəxsi heyət öz bilik və bacarıqlarını təkmilləşdirir. Dərslər Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş döyüş hazırlığı planına əsasən təşkil edilir. Artilleriya ixtisası ilə tanışlığı olan hər kəs yaxşı bilir ki, topçu həm zehni, həm də fiziki cəhətdən güclü olmalıdır. Ona görə də şəxsi heyətin fiziki hazırlığı da daim diqqət mərkəzində saxlanılır".
Memarlıq və İnşaat Universitetinin məzunu əsgər Qüdrət Rəhimov hər an döyüşə hazır olduqlarını bildirdi, məşğələlərdə komandirləri tərəfindən onlara keçirilən dərs barədə bizə məlumat verdi. "Komandirlərimizin rəhbərliyi altında təşkil olunan məşğələlərdə ixtisas, taktiki və atış bacarıqlarımızı artırırıq. Hər bir əsgər ona təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərini bilməli, nəzəri biliklərdən əlavə praktiki biliklərini də daim təkmilləşdirməlidir. Keçirilən dərslərdə hər birimiz komanda şəklində tapşırıqları yerinə yetirmə vərdişlərini öyrənirik".
Əsgər Amil Məmmədov əsgər yoldaşları ilə bir amala xidmət etdiklərindən, bu müqəddəs vəzifənin verdiyi qürurdan söz açdı: "Vətənimizə, xalqımıza sədaqətlə xidmət edəcəyimə söz verdiyim andiçmə mərasimi yadımdan çıxmaz. Ömrüm boyu yaddaşımdan silinməyəcək o gün ərazi bütövlüyümüzü və müstəqilliyimizi qoruyacağıma, bundan ötrü canımı əsirgəməyəcəyimə söz verdim. Bu gün Azərbaycan Ordusunda xidmət edən hər kəsi bir məqsəd birləşdirir - işğalda olan torpaqlarımızı azad etmək. Azərbaycan Ordusunun əsgəri kimi Vətən qarşısında müqəddəs borcumuzu ödəyirik".
Əsgər Orxan Əliyev bildirdi: "Aprel döyüşləri zamanı ordumuz qısa müddət ərzində düşməni ağır məğlubiyyətə uğratdı və strateji cəhətdən vacib olan ərazilərimiz azad edildi. Bu gün ordu sıralarında Aprel döyüşlərində fərqlənən hərbi hissənin əsgəri olaraq xidmət keçdiyim üçün qürurluyam və Ali Baş Komandanın əmri ilə başlayacaq həlledici döyüşə biz də hazırıq".
Əsgərlərdən Aqil Əlizadə və Ramiq Abbasov da Azərbaycan Ordusunun əsgəri olmaqlarıyla qürur duyduğunu və digər silahdaşları kimi düşmənə qarşı döyüşə hər an hazır olduqlarını vurğuladılar.
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR



Xəbərlər  Tarix:   1 May 2019 / 23:32


« Əvvəlki xəbər (5817 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR