MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 3-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəliyə 22 məsələ daxildir.
Əvvəlcə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin birinci məsələsi - “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə) məlumat verdi. Konstitusiya Qanunu səsə qoyularaq təsdiqləndi.
Gündəliyin ikinci məsələsini - İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim etdi.
Nazir müavini bildirdi ki, 2018-ci ildə də ölkəmizdə insan alverinə qarşı mübarizə davam etdirilmiş, bununla bağlı müvafiq qanunlar qəbul edilmiş, bir sıra maarifləndirici tədbirlər həyata keçirilmişdir. İl ərzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınmış, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilmişdir.
İnsan alveri qurbanları müvəqqəti sığınacaqlara yerləşdirilmiş, onlara maddi yardım göstərilmişdir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilmişdir. Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılmış, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarda vergi sanksiyası tətbiq edilmişdir. Məcburi əməyin profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yaşama qaydalarını pozan 19 210 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 3 740 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması olmuşdur.
Vilayət Eyvazov həmçinin bildirdi ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilmişdir. Aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməmişdir. Lakin bəzi mövcud problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilmiş, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 200 valideyn barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Həmçinin baxımsız qalmış 75 yetkinlik yaşına çatmayan uşağa və onların valideynlərinə yardımlar göstərilmişdir. 2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilmiş, zəruri sosial yardımlar göstərilmişdir.
Müzakirələr zamanı çıxış edən deputatlar Məlahət İbrahimqızı, Fazil Mustafa, Elmira Axundova, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Araz Əlizadə, Siyavuş Novruzov, Qənirə Paşayeva illik məlumatı yüksək qiymətləndirdilər, qeyd və təkliflərini verdilər. Qaldırılan məsələlərlə bağlı Vilayət Eyvazovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qənaətbəxş hesab edildi.
Deputatlar Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatından sonra “Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişi təsdiq etdilər.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişiklik barədə məlumat verdi. Bildirdi ki, bu dəyişiklik bu sahədə çalışan şəxslərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edir. Dəyişiklik səsə qoyularaq qəbul edildi.
“Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verdi ki, dəyişiklik İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıyır. Bu dəyişiklik də təsdiq edildi.
Sonra məlumat verildi ki, Mülki, Mülki Prosessual, Vergi, Cəzaların İcrası məcəllələrinə, həmçinin “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara təklif olunan dəyişikliklər (birinci oxunuş) də uyğunlaşdırma xarakterlidir və səsə qoyularaq qəbul olundu.
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni isə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təqdim etdi. Bildirdi ki, bu dəyişikliklər “Təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Deputatlardan Bəxtiyar Əliyev və Aqil Abbasın fikirləri dinlənildikdən sonra dəyişikliklər təsdiq edildi.
Sonra Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Fitosanitar nəzarəti haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş), Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrinə (üçüncü oxunuş), “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” qanunlara (üçüncü oxunuş), “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara (üçüncü oxunuş), “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlara (üçüncü oxunuş), “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun icrası məqsədilə hazırlanmışdır. Dəyişikliklər səsə qoyularaq təsdiqləndi.
Sonra məlumat verildi ki, “Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliklərin icrası məqsədilə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi (üçüncü oxunuş) və Mülki, Vergi, Mənzil, Gömrük məcəllələrinə dəyişiklik edilməsi (üçüncü oxunuş) təklif olunur. Bu layihələr də təsdiqləndi.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlara dəyişiklik edilməsi (üçüncü oxunuş), həmçinin “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) də “Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliyin icrası məqsədi ilə hazırlanmışdır.
Bu dəyişikliklər də səsə qoyularaq qəbul olundu.
İclasda Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) məsələ də təsdiq edildi.
Sonra Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Aqrar sığorta haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim etdi. Bildirdi ki, qanun layihəsi komitədə geniş müzakirə olunub. Bu qanunun qəbulu aqrar sahənin inkişafına böyük təkan verəcək.
Müzakirələrdə çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev bu qanunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasda “Sığorta fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş), həmçinin “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələlər də təsdiqləndi. Bildirildi ki, bu dəyişikliklər “Aqrar sığorta haqqında” qanunun icrası məqsədilə edilir.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   3 May 2019 / 19:16


« Əvvəlki xəbər (5797 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR