Nazir Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri ilə görüşüb

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç ilə görüşüb.
Görüşdə birgə əməkdaşlıq, ölkələr arasında mədəni sahədə əlaqələrin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət məsələləri müzakirə olunub.
Monteneqronun mədəniyyət naziri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirmiş, bu forumda iştirakından məmnunluğunu ifadə etmişdir.
Nazir Əbülfəs Qarayev bu kimi tədbirlərin ölkələr arasında əlaqələrin daha sıx qurulması üçün mühüm platforma rolunu oynadığını bildirmişdir.
Azərbaycan və Monteneqro arasında birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən danışan nazir Əbülfəs Qarayev, iki ölkə arasında mədəni sahədə əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasını təklif etmişdir.
Ölkəmizdə son illər yaradıcı sənayelərin inkişafı üçün görülən işlər haqqında məlumat verən nazir, bu sahədə birgə fəaliyyətə maraqlı olduğunu qeyd etimişdir.
Nazir Aleksandar Boqdanoviç kinematoqrafiya sahəsində də Azərbaycanla qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirmiş, bu sahədə həyata keçirilmiş işlərdən danışmışdır.
Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ildə Bakı şəhərində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Monteneqro nümayəndə heyətini iştirak etməyə dəvət etmişdir.



Xəbərlər  Tarix:   3 May 2019 / 20:16


« Əvvəlki xəbər (5787 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR