MİNGƏÇEVİRDƏ HEYVANLAR ARASINDA APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Mingəçevir şəhəri və şəhərətrafı ərazidə “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Mingəçevir Şəhər Baytarlıq İdarəsi tərəfindən aparılır.
Cari ilin müvafiq dövrü ərzində Mingəçevir şəhəri və şəhərətrafı ərazidə 2409 baş iribuynuzlu, 3213 baş xırdabuynuzlu və 47 baş təkdırnaqlı heyvanlarda qarayara, 373 baş sahibli itdə quduzluq, 125 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 19230 (“H” ştammı ilə) baş quş (o cümlədən 17060 toyuq, 882 baş qaz, 1288 baş hind quşu) və 39183 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Fevral ayından Mingəçevir şəhər və şəhərətrafı ərazidə saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2416 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.
Mart ayının ilk günlərindən isə Mingəçevir Şəhər Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1728 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən şəhər və şəhərətrafı ərazidə 4500 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, şəhər və şəhərətrafı ərazidə olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin vərəmə qarşı 339 baş iribuynuzlu heyvanda, manqoya qarşı 28 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.
Mingəçevir şəhəri və şəhərətrafı ərazidə saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, xırdabuynuzlu heyvanlarda qarayara, iri və xırdabuynuzlu heyvanlarda bruselyoz və digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.



Xəbərlər  Tarix:   6 May 2019 / 20:26


« Əvvəlki xəbər (5749 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR