“Kiçik Mikrafon” böyük uğurlar vəd edir... Layihə gənclərin gələcəyinə körpü salacaq

Mayın 14-də Bakı Türk Anadolu Litseyində Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Kiçik Mikrafon” adlı layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir litseyin konfrans zalında baş tutub. Tədbirin məqsədi yeniyetmələrin və gənclərin Azərbaycan televiziya və radio məkanında istedad və bacarıqlarını üzə çıxarmaq, onların ictimaiyyət tərəfindən tanınmasına yardım etməkdir.
Azərbaycan Televiziya-Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, Səhər proqramı baş redaktorunun müavini Sitarə xanım İsmayıl konfrans iştirakçılarını salamlayaraq dedi ki, hər bir şəxs peşə seçiminə yetkinlik illərindən başlamalıdır. Sitarə İsmayıl bildirdi ki, həyat insanı müxtəlif sahələrdə çalışmağa vadar edə bilər, lakin, insan öz arzularının arxasinca getməlidir. Tədbirin keçirilməsi üçün məhz Bakı Türk Anadolu Litseyinin təsadüfi seçilmədiyini deyən Sitarə xanım bundan sonra da “Kiçik Mikrafon” layihəsi çərçivəsində təhsil ocaqlarına üz tutacaqlarını bildirib:”Sıralarınızda yaradıcılıq qığılcımı olan şagirdlərə əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Azərbaycanın ilk televiziyası olan Aztv məkanınanda istedadlı yeniyetmələr və gənclər üçün böyük şans yaradılır. Bəlkə də, layihənin yaratdığı imkanlardan istifadə edərək, sizin peşə seçiminiz bugün reallaşa bilər”. Sitarə İsmayıl çıxışının yekununda bildirib ki, İradə Əlilinin rəhbəri olduğu təşkilatla əməkdaşlığı davam etdirəcək və bu yönümlü tədbirlərdə məmnuniyyətlə iştirak edəcəkdir.
Daha sonra tədbirin digər qonağı Uşaq Verilişləri Redaksiyasının əməkdaşı Şəfa Xeyrulla qızı gənclərə öz töhvələrini verdi: “25 ildir ki, uşaqlarla işləyirəm. Bu illər mənə uşaqların xarakterini, psixiologiyasını öyrənməkdə böyük yardımçı olub. Hər bir yeniyetmə və gəncin arzusunda bir məslək sahibi olmaq istəyi var. Gənclər zirvəyə gedən yolun xəritəsini yeniyetməlik dövründən cızmalıdırlar. Sənət seçiminə gəlincə, biz dəstək olmağa çalışacağıq”. Tədbir bir birindən istedadlı, bir birindən məharətli şagirdlər öz bacarıqlarını iştirakçıların diqqətinə çatdırdılar. Şagirdlər arasında rəssamlıq, şeir yazma, aktyor və aktrisalıq bacarığına görə bol bol uğurları olanlar çoxluq təşkil edirdi. Və şagirdlərin əksəriyyəti bu istedadlarına görə, diplomla təltif olunduqlarını nəzərimizə çatdırdılar.
Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili bildirdi ki, birliyin yarandığı 4 il müddətində təşkilat peşə seçimi ilə bağlı çoxlu sayda müxtəlif layihələrə imza atıb. Lakin, bu, Azərbaycan Televiziya və Radio sahəsində çalışan peşəkar əməkdaşlarla “Kiçik Mikrafon” layihəsinə dair keçirilən ilk tədbirdir: “Bakı Anadolu Türk litseyi ilə rəhbəri olduğum ictimai birliyin müştərək fəaliyyətidir. Layihə çərçivəsində tədbirin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrin peşəyə sevgisini artırmaq, televiziya və radio verilişlərinə marağın formalaşmasında, eləcə də, istedadı olan gənclərin efir məkanına sahib olmasını təmin etməkdir. Layihə gənclərin televiziya və radio sahəsində bacarıqlarının olub-olmamasını aydınlaşdıraraq, istedadlı gənclərə yol açmaqla, onların xalq tərəfindən tanınmasına yardım edəcək: “Peşə seçimi uşaqlara hələ bağça yaşından aşılanmalıdır. Yeniyetməlik və gənclik dövründən isə, peşə seçimi təkmilləşdirilməlidir”.
Litseyin müdir müavini Meral Bahar xanım da “Kiçik Mikrafon”un çox vacib layihə olduğunu vurğulayaraq bildirib ki, şagirdlərin peşəyə, sənətə sevgisini istiqamətləndirmək lazımdır: “Televiziya məkanında çalışmaq ən gözəl peşələrdən biridir”. Gənclərə üzünü tutan M.Bahar layihənin çox böyük uğurlara imza atacağını bildirərək, onlara belə şansı əldən qaçırtmamağı tövsiyyə edib. Konfransın sonunda M.Bahar tədbirdə iştirak edən bütün qonaqlara, tv işçilərinə və Ugurmedia yayım informasiya agentliyinə öz dərin təşəkkürünü bildirib.
Sonda PYTİYİB-nin sədri İradə Əlili tədbirin keçirilməsində dəstəyi olan Bakı Türk Anadolu Litseyinin müdiri Nurullah Yazıçıya, müdir yardımçısı Meral Bahara, şagirdlərlə gözəl söhbətlər aparan, onlara öz məsləhətlərini verən Sitarə xanım İsmayıla, Uşaq Verilişləri Redaksiyasının əməkdaşı Şəfa Xeyrulla qızına, informasiya dəstəyinə görə Ugurmedia yayım və informasiya agentliyinin baş redaktoru Tərlan Abbasova, agentliyin xəbərlər departamentinin sədri Leyla Səttarlıya və bütün müəllim-şagird heyətinə öz dərin minnətdarlığını bildirdi.
Ugurmedia Xəbərlər Departamentinin sədri Leyla Səttarlı



Öz xəbərlərimiz  Tarix:   15 May 2019 / 20:22


« Əvvəlki xəbər (5590 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR