Sankt-Peterburqda türk dünyası musiqisindən ibarət “Şərqin musiqi əfsanələri” adlı konsert olub

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türkiyə və Rusiyanın Mədəniyyət və Turizm İli çərçivəsində Sankt-Peterburqda türk dünyası musiqisindən ibarət “Şərqin musiqi əfsanələri” adlı konsert təşkil edib.
Rusiyanın Xalq artisti Dmitri Xoxlovun rəhbərliyi ilə V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestri Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalının və Dövlət Akademik Kapellasının səhnələrində çıxış edib, sənətsevərləri türk xalqlarının zəngin musiqi mədəniyyəti ilə tanış edib.
İdeya müəllifi TÜRKSOY-un baş katibi Düsen Kaseinov olan konsertin repertuarına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın parlaq musiqi nümunələri daxil idi. Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Vasif Adıgözəlov, habelə Həsən Rzayev, Atay Oqombayev, Kalıy Moldobasanov, Mukan Tulebayev, Əhməd Jubanov kimi görkəmli türk bəstəkarlarının əsərlərini dinləmək tamaşaçıların zövqünü oxşayıb.
Rusiyalı musiqisevərlər türk dünyasının musiqi şedevrləri – Şərq sivilizasiyalarının motivləri əsasında yaradılmış “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi” baletlərinə, “Birjan və Sara”, “Koroğlu” və “Abay” operalarına tamaşa etmək, tar, xomıs, qaval və kuray kimi ənənəvi türk musiqi alətlərində ifa edilən melodiyaları dinləmək imkanı qazanıblar.
Tanınmış dirijorlar Dmitri Xoxlov və Yevgeni Xoxlovun rəhbərliyi ilə V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestri, məşhur dirijorlar Faruk Sadıkov (Özbəkistan), Ağaverdi Paşayev (Azərbaycan) və Duysen Ukimbay (Qazaxıstan), adlı-sanlı artistlər Cihan Yurtçu (Türkiyə), Sayan İsin və Ayqerim Muxtardin (Qırğızıstan), Sahib Paşazadə (Azərbaycan), Ramil Qayzullin (Başqırdıstan) və Aliyə Kikenova (Qazaxıstan) səhnəyə çıxanda tamaşaçılar onları gurultulu alqışlarla qarşılayırdı.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və TÜRKSOY təşkilatına üzv ölkələrin baş konsulluqlarının rəhbərləri konsertə fəxri qonaqlar kimi dəvət edilmişdi. Tamaşaçılar Azərbaycan bəstəkarlarının əsərlərini sürəkli alqışlarla qiymətləndiriblər.
Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalındakı konsertdən sonra TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov artistlərin uğurlu çıxışına görə onlara təşəkkürünü bildirib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının rəhbəri dirijor Dmitri Xoxlova “TÜRKSOY – 25 il” medalını təqdim edib.
Faruk Sadıkov, Ağaverdi Paşayev, Duysen Ukimbay, Yevgeni Xoxlov və Ramil Qayzullin TÜRKSOY tərəfindən Mukan Tulebayevin şərəfinə təsis olunmuş fəxri medallara layiq görülüblər.



Xəbərlər  Tarix:   16 May 2019 / 20:34


« Əvvəlki xəbər (5574 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR