Təhsildən yazan jurnalistlər üçün təlim

Mayın 30-da Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.
Təlimin ilk günü Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin mətbuatın inkişafına hər zaman yüksək diqqət göstərdiyini deyən Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra təlimin əhəmiyyətindən söz açan nazir müavini Təhsil Nazirliyinin də media ilə sıx əməkdaşlıq şəraitində iş apardığını diqqətə çatdırıb. Təlimin təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunduğunu deyən Firudin Qurbanov çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə “Media və təhsil” mövzusunda çıxış edib. Təhsil sahəsində bir çox nailiyyətlər əldə olunduğunu deyən Əflatun Amaşov son zamanlarda mətbuatda təhsillə bağlı bəzi xoşagəlməz məlumatların paylaşıldığını da xüsusi qeyd edib. Şura sədri medianın cəmiyyətin həyatında roluna toxunaraq jurnalistləri yalan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb, həmçinin bu sahə üzrə mövcud qanunvericiliyə əməl edilməsinin vacibliyini vurğulayıb.
Təlimin ilk gününün birinci yarısında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev isə “İstedadlı uşaqlarla iş” mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlim işini davam etdirir.



Xəbərlər  Tarix:   31 May 2019 / 00:40


« Əvvəlki xəbər (5477 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR