FUMİQASİYA HƏYATA KEÇİRİLMƏYƏN ANBARLARDA MƏHSULUN SAXLANILMASI QADAĞANDIR - XƏBƏRDARLIQ

2019-cu ilin yanvar - may ayları ərzində respublikamızın ayrı-ayrı bölgələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Fumiqasiya Mərkəzi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində fermerlərə məxsus taxıl və digər toxum anbarlarında fumiqasiya tədbirləri həyata keçirilib və fumiqasiya olunmuş anbarlarda təhlükəsizlik qaydalarına əməl etmək üçün fermerlərə lazımi izahat və tövsiyələr verilib. Hazırda fumiqasiya tədbirləri davam edir.
Bu dövrdə fiziki və hüquqi şəxslərin müraciəti ilə bağlanmış müqavilələr əsasında Respublika ərazisində 387886 m3 anbar və digər saxlanma yerləri zərərsizləşdirilib.
Respublika ərazisində taxıl biçininin başlanması ilə əlaqədar taxıl məhsullarının saxlanması üçün nəzərdə tutulan anbarların və digər saxlanma yerlərinin karantin tətbiq olunan və digər anbar zərərvericilərindən təmizlənməsi üçün fumiqasiya tədbirlərinin həyata keçirilməsi zəruriləşib. Bununla əlaqədar olaraq, hazırda Xaçmaz, Beyləqan və digər taxılçılıq rayonlarında Dövlət Fitosanitar Xidmətinə müraciət edən fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında anbar və digər saxlanma yerlərində zərərsizləşdirmə (fumiqasiya) tədbirləri operativ şəkildə davam etdirilir. Anbar və digər saxlanma yerlərinin xüsusiyyətindən asılı olaraq zərərsizləşdirmə tədbirlərində fumiqantlardan, aerozol və maye formalı pestisidlərdən istifadə olunur.
Zərərsizləşdirmə (fumiqasiya) tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Qeyd edək ki, fumiqasiya (latınca fumigo – tüstü verirəm) – bitki xəstəlikləri törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiridir. Bitki və bitki mənşəli məhsulların, anbarların, elevatorların, tədarük bazalarının, konteynerlərin, fabriklərin, tara, pambıq, tütün və digər emal müəssisələrinin fumiqasiya edilməsi təxirəsalınmaz tədbirlərdən sayılır. Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.
FUMİQASİYA HƏYATA KEÇİRİLMƏYƏN ANBARLARDA MƏHSULUN SAXLANILMASI QADAĞANDIR - XƏBƏRDARLIQ



Xəbərlər  Tarix:   5 İyun 2019 / 00:31


« Əvvəlki xəbər (5442 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR