Sərbəst güləşçilərimiz Avropa Oyunlarına 1 qızıl, 2 bürünc medalla başladı

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
İyunun 25-də güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.
Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı son dünya çempionu Zaur Uquyevlə qarşılaşan Əmiraslanov əzmkar qələbə fonunda finala vəsiqə qazanıb. İyunun 26-da Serbiya güləşçisiylə son görüşə çıxan Mahir möhtəşəm qələbəylə 2-ci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib. Soner Demirtaşın finala yüksəlməsi Hacıyevə təsəlliverici görüşə çıxmaq imkanı verib. Hacımurad iyunun 26-da yunan rəqibinə rahat qalib gələrək 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Ukraynalı rəqibindən də güclü olan Hacıyev bürünc medalı boynundan asıb.
Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb. Ancaq finalın bir addımlığında Rusiya idmançısına uduzan Qostiyev ümidini bürünc medala bağlayıb. İyunun 26-da San Marino təmsilçisiylə keçirilən görüşdə rəqibin 2 xallıq fəndi icra etməsi Aleksandrın medalsız qalmasıyla nəticələnib.
Camaləddin Məhəmmədov 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub. Ancaq iyunun 26-da baş tutan üçüncü yer uğrunda qarşılaşmada Rumıniya idmançısına vaxtından əvvəl qalib gələn Məhəmmədov komandamıza ikinci bürünc medalı qazandırıb



Xəbərlər  Tarix:   27 İyun 2019 / 22:59


« Əvvəlki xəbər (5330 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR