Milli Paralimpiya Komitəsində “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin yekunları müzakirə olunub

Əlil İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyilə “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsini cari ildə həyata keçirib. Həmin layihənin yekunları Milli Paralimpiya komitəsində müzakirə edilib.
Müzakirələri açan Milli Paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov həyata keçirilən layihənin çox önəmli olduğunu qeyd edərək, görülmüş işləri yüksək qiymətləndirdi və gələcəkdə regionlarda paralimpiya idman növlərinin daha da inkişaf etdirilməsi məqsədi ilə təlimatçıların hazırlanmasının vacibliyini qeyd etdi. Eyni zamanda yerlərdə yaradılmış idman infrastrukturundan paralimpiyaçılar üçün səmərəli istifadə edilməsi də vacib məsələlərdən olduğunu vurğuladı. Çıxışın sonunda İlqar Rəhimov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə layihələrə dəstək verdiklərinə görə təşəkkür etdi.
Layihənin rəhbəri Əlil idmançılara Dəstək İctimai Birliyinin sədr müavini Zöhrab Babayev görülən işlər barədə geniş məruzə ilə çıxış edərək qeyd etdi: “Layihənin icrasına başlayanda əvvəlcə işçi qrupu və iştirakçılar müəyyən olundu, təşkilatı məsələlərlə əlaqəli işlər görüldü, aidiyyatı təşkilatlarla iş birliyi quruldu, əlaqələr yaradıldı. Layihənin gerçəkləşməsində Milli Paralimpiya Komitəsi hər zaman olduğu kimi bu layihəmizin təşkilatı işlərində bizə lazım olan dəstəyi göstərdi. Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində layihə iştirakçılarının idman məşqlərinə şərait yaradıldı. Layihə çərçivəsində Bakı şəhəri, Abşeron, Şəki və Qəbələ rayonlarında oxatma idman növü üzrə paralimpiyaçı idmançıların iştirakı ilə səfər turları təşkil olundu, bu ərazilərdə yerləşən Azərbaycanın tarixi abidələri ziyarət olundu. Qeyd edim ki, layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə və idmana inteqrasiyasına dəstək olmaq, milli mədəni və tarixi-memarlıq abidələrimizi tanımaq və tanıtmaq məqsədi ilə bölgələrə gəzintilər reallaşdırmaq, paralimpiya idman növlərini tanıtmaq və regionlarda yaşayan fiziki məhdud gəncləri paralimpiya idmanına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətimizin inkişafında aktivlik göstərmələrinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə yardım göstərmək, sosial aktiv vətəndaşların diqqətini bu sahəyə yönəltmək kimi xüsuslar da layihənin məqsədləri sırasına daxildir.”
Mövzu ətrafında müzakirələr zamanı Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, İstedadlı əlillər ictimai birliyinin rəhbəri Cavad Qasımov, komitənin oxatma idman növü üzrə baş məşqçisi İlqar Abbasov və digərləri çıxış edərək öz müsbət fikirlərini bildirdilər.



Xəbərlər  Tarix:   16 Avq 2019 / 23:57


« Əvvəlki xəbər (5052 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR