AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Sentyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı yeni sessiyanın başlaması münasibətilə deputatları təbrik etdi, gələcək işlərində uğurlar arzuladı. Bildirildi ki, bugünkü iclasın gündəliyinə 7 məsələ daxil edilib.
Əvvəlcə, komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, sessiya ərzində komitənin 6 iclası keçirilib, 13 məsələ, o cümlədən 11 qanun layihəsi müzakirə olunub. Qanun layihələrinin 9-u Milli Məclisdə qəbul edilib.
Hesabat dövründə komitənin ünvanına 116 müraciət daxil olub. Müraciətlərin 108-i araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitənin sədri tərəfindən Milli Məclisdə 96 nəfər vətəndaş qəbul edilib, onları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb.
Ötən sessiya zamanı komitədə bir sıra görüşlər keçirilib. Habelə “Ailə institutunun formalaşmasında adət və ənənələrimiz” mövzusunda bu sahədə qanunvericiliyin rolu ilə bağlı dinləmə təşkil olunub.
Məruzədə cari ilin payız sessiyasında komitədə görüləcək işlər barədə də məlumat verildi.
Çıxışlarda deputatlar 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında komitənin fəaliyyətini müsbət dəyərləndirdilər, payız sessiyası üçün iş planına razılıqlarını ifadə etdilər.
İclasda bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlər müzakirəyə çıxarıldı.
Diqqətə çatdırıldı ki, ikinci oxunuşda təqdim edilmiş “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlara, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklər bu sənədlərin “Psixoloji yardım haqqında” qanuna uyğunlaşdırması məqsədi daşıyır.
Sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş) məsələlərə baxıldı. Bildirildi ki, bu qanunların “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli qanuna uyğunluğunu təmin etmək üçün bir sıra maddələrdə müvafiq düzəlişlər aparılıb.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (1-ci oxunuş) sənədlə bağlı qeyd olundu ki, Məcəlləyə “Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması” adlı yeni 388-2-ci maddə əlavə edilir. Bu qanun layihəsi də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavədə uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Komitə üzvləri Tahir Rzayev, Sahibə Qafarova, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqladılar. Dövlətimiz tərəfindən insanların sağlamlığının qorunması, onların firavan yaşaması üçün göstərilən diqqət və qayğını xüsusi vurğuladılar, qanunlara ediləcək dəyişikliklərin önəmli olduğunu söylədilər.
Deputatlar gündəliyə daxil olan sənədləri Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   18 Sen 2019 / 22:03


« Əvvəlki xəbər (4895 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR