Azərbaycan Milli Xalça Muzeyində xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq

Azərbaycan Milli Xalça Muzeyində sentyabrın 28-də böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.
Milli Xalça Muzeyinin təşkilatçılığı ilə II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutacaq sərginin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Xalq rəssamı Eldar Mikayılzadə çıxış edəcək.
Tədbirdə müsabiqənin qalibləri mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələrdən 35 nəfər qatılıb və onlar ümumilikdə 51 xalça eskizi təqdim ediblər. I və II yerin sahibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. III yerə layiq görülən əsər isə Azərbaycan Milli Xalça Muzeyinin “facebook” səhifəsində açıq səsvermə nəticəsində, münsiflər heyətinin həmin yerə layiq gördüyü 7 eskiz arasından seçilib.
Sərgidə qaliblərin eskizləri əsasında Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu üç xalça tədbir iştirakçılarının önündə kəsiləcək və adət-ənənəyə uyğun, şirniyyat süfrəsi ilə təqdim olunacaq. Eyni zamanda, Xalq rəssamı Eldar Mikayılzadənin yubiley münasibətilə yaratdığı “Nəsimi” xalçası və müsabiqəyə təqdim edilmiş bütün eskizlər sərgilənəcək.



Xəbərlər  Tarix:   26 Sen 2019 / 00:00


« Əvvəlki xəbər (4841 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR