2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
İclasda Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda dayanıqlı xarakter alan inkişaf prosesləri, sosial ödənişlərin artırılması sahəsində atılan mühüm addımlar ölkəmizin əmək bazarının əmək miqrantları üçün cəlbediciliyini də artırıb. Hər il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər də ölkəmizin iqtisadi inkişaf tendensiyaları, əmək bazarı ilə bağlı məlumatlar təhlil edilməklə, mövcud əmək ehtiyatları və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla hazırlanır.
Nazir qeyd edib ki, bu zaman vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir. Yerli işçi qüvvəsinin iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, işçi qüvvəsinə olan ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi imkanı, habelə müvafiq iş sahələrinə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsasında kvota üzrə təkliflərin hazırlanması həyata keçirilir.
S.Babayev aidiyyəti dövlət orqanlarından daxil olan məlumatlar əsasında icmal hazırlandığını, müzakirə üçün Komissiya üzvlərinə təqdim olunduğunu deyib.
İclasda 2020-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflərlə bağlı geniş müzakirələr aparılıb. 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən, əmək miqrasiyası kvotası - təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.



Xəbərlər  Tarix:   16 Okt 2019 / 23:51


« Əvvəlki xəbər (4712 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR