Baş qazi Ehtimat Əsədovun il mərasimi keçirilib

oktyabrın 16-da Yeni Günəşlidə, laçınlıların "xeyir-şər evi"ndə Baş qazi Ehtimat Əsədovun il mərasimi keçirilib. Yas mərasimində Qarabağ qaziləri, ictimaiyyət nümayəndələri, hərbçilər, siyasi xadimlər iştirak edib. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev, Respuklika Çernobıl Əlilləri Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə, Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu də hüzr məclisində iştirak ediblər.
Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Tərxis Olunmuş Hərbçilər və Gənclər İctimai Birliyinin sədri Emin Həsənli, istefada olan polkovnik, "Azərbaycan Bayrağı" ordenli Hikmət Ağayev, ehtiyatda olan tibb xidməti polkovniki Sabir Qulamov, Qarabağ Seyidləri Ocağının rəhbəri Seyid Camal Əzimbəyli, tanınmış vəkil Aslan İsmayılov çıxış edərək Ehtimat Əsədov haqqında xatirələrini, onun gördüyü işlərdən danışdılar.
Əsədov Ehtimat Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.
1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.
1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.
2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.
Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.
Ali təhsilli idi.
Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.
Xatırladaq ki, "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov ötən il oktyabr ayının 16-da vəfat edib.



Xəbərlər  Tarix:   17 Okt 2019 / 23:04


« Əvvəlki xəbər (4710 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR