Hər il 25 noyabr dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına başlayıb.
Kampaniyanın açılış konfransında dövlət qurumları, xarici diplomatik missiya və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edib.
Komitə sədri Hicran Hüseynova deyib ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalır. Zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olub ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür. O, bildirib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildi, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür.
Bundan başqa Komitə sədri qeyd edib ki, Komitənin apardığı təhlillər zamanı kişilərin 41%, qadınların 34,7% bildirib ki, “Qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir”. Həmçinin qadınların 20,9%, kişilərin 37,4% qeyd edib ki, “Bəzən qadın döyülməyə layiqdir”. “Bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin, dünyagürüşünün nəticəsində formalaşır. Bu yanaşmanı aradan qaldırmaq uzun bir prosesdir. Məişət zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili göstərir ki, ailədə baş verən zorakılığın ən son həddində polis və ya digər orqanlara məlumat verilir. Qadınlara qarşı zorakılıq yeni qəbul olunmuş Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi çərçivəsində dayanıqlı inkişafa maneə kimi qəbul edilib. Qadınlara qarşı zorakılığın aradan qaldırılması ilk dəfə qlobal inkişaf məqsədlərinin prioritetlərindən biri kimi müəyyən edilib”.
Öz növbəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini icra edən, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin çıxışında qeyd edib ki, qadınlara və qızlara qarşı zorakılığın olması cəmiyyət üçün itkidir. Bu həm də tibbi və psixoloji xidmətlər üçün əlavə xərclərə gətirib çıxarır. Bu insanlara təsirdir. Burada tədqiqatlardan, statistikalardan söhbət getmir, burada söhbət real hekayələrdən və insanlardan gedir. Bu 16 günlük proqram qlobal tədbirdir, deyə qeyd edən Edvard Kavardin sonda "Zorakılığın Müasir Azərbaycanda yeri yoxdur!" şüarını səsləndirib.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib ki, 16 günlük çərçivəsində maarifləndirmə və zorakılığın qarşısının alınması keçirilən tədbirlərin əsas fəaliyyət istiqamətlərindən biridir. “Son olaraq Nayrobidə keçirilən Zirvə toplantısında bu mövzuya xüsusi diqqət yetirildi. Qadın sağlamlığı və hüquqlarının təmin olunmasını, onlara qarşı zorakılıq və ayrıseçkilik hallarının qarşısının alınması sahəsində tərəqqi əldə etmək istəyən hər bir cəmiyyət KİV-lər də daxil olmaqla əlaqələndirilmiş yanaşmanı təmin etməlidir. Son zamanlar məişət zorakılığı üzrə qurumlararası tərəfdaşların sayı artır. Amma bu halların tamamilə aradan qaldırılması üçün görüləcək işlər çoxdur”.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas çıxış edərək qeyd edib ki, 16 günlük kampaniyanı keçirməklə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa çalışırıq. “Biz bu sahədə qlobal tədbirlərin ən etibarlı tərəfdaşıyıq. Mən çox şadam ki, biz Komitə ilə vahid komanda kimi fəaliyyət göstəririk. Dünyanın bir çox yerində qızları məktəbə qoymurlar, onlar cinsi istismara məruz qalır, zorakılıq qurbanı olur. Bunların aradan qaldırılmasl insan hüquqlarına olan hörmətin sütunudur. Azərbaycan şərqdə bizim vacib tərəfdaşımızdır. Bu sahədə Azərbaycanın səylərini yüksək qiymətləndirirəm”.
Daha sonra dəyirmi masa çıxışçıların nitqləri ilə davam edib. Çıxış edənlər arasında Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, kulturoloq, professor Fuad Məmmədov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova var idi.
Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.



Xəbərlər  Tarix:   26 Noy 2019 / 00:54


« Əvvəlki xəbər (4499 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR