Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 5-də Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.
Qonağı salamlayan nazir onu yeni təyinat münasibətilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Nazir iki dövlət arasında siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu, qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsinə və inkişafına təkan verdiyini, beynəlxalq arenada Kolumbiya Hökumətinin Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini məmnunluqla diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyi ilə Kolumbiyanın Milli Polisi arasındakı əlaqələrdən söz açan general-polkovnik V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın yaradılması və təcrübə mübadiləsi məqsədilə bu ölkənin asayiş keşikçilərindən ibarət nümayəndə heyətinin dörd il öncə Azərbaycanda olduqlarını, səfər çərçivəsində nümayəndə heyəti ilə DİN-də görüş keçirildiyini, onların “102" Zəng Mərkəzi Sistemi, "Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi, habelə Əlahiddə Çevik Polis Alayının fəaliyyəti ilə yaxından tanış olduqlarını xatırladıb.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi nəzərə çatdırılıb.
Səfir Luis Antonio Dimate Kardenas səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.



Xəbərlər  Tarix:   5 Dek 2019 / 23:52


« Əvvəlki xəbər (4416 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR