2 fevral – Azərbaycan "Gənclər" Günü gənclər arasında qeyd edilir

2 fevral 1996-cı il tarixdə ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Forum ölkədə gənclər siyasətinin yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, eyni zamanda, həm də gənclər hərəkatının vüsət almasına böyük təkan verdi. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2 fevral tarixi Azərbaycan “Gəncləri günü” kimi elan edildi.
2014-cü ildən Azərbaycan Gəncləri Günündə bir qrup istedadlı, yaradıcı və ictimai fəal gənclər Gənclər üçün Prezident Mükafatı ilə təltif olunurlar.
Hər il bu tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilir. Bu il də Azərbaycan “Gəncləri günü” nün respublikada geniş şəkildə qeyd olunması məqsədilə Nazirlik tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib.
2 fevral - Azərbaycan Gəncləri Gününün qeyd olunması Ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarının ziyarəti ilə başlanacaq. Ardınca Şəhidlər Xiyabanını ziyarət edəcək gənclər Azərbaycanın müstəqilliyi yolunda həlak olanların xatirəsini yad edəcəklər.
Tədbirlər Gənclər və İdman Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi gənc rəssamların əsərlərindən ibarət sərginin açılışı ilə davam edəcək. Sərginin açılışı 2 fevral 2020-ci il tarixdə saat 14.00-da Vəcihə Səmədova adına sərgi salonunda keçiriləcək. Sərgidə tamaşaçılara 200-dən çox gənc peşəkar rəssamın rəsm və heykəltaraşlıq əsərləri, tətbiqi sənət nümunələri təqdim olunacaq.
2 fevralda Gənclər Günü münasibətilə Nazirlik tərəfindən 3 yeni layihəyə start veriləcək. Bu layihələrdən biri "Armudu" adlanır. "Armudu" layihəsi maraqlı insanların gənclərlə görüşlərindən və səmimi söhbətlərindən ibarətdir. Gənclər Günündə "Armudu"nun qonaqları Azərbaycanın tanınmış incəsənət xadimləri Baba Vəziroğlu və Mehriban Zəki olacaq. Layihədə iştirak öncədən aparılan qeydiyyat əsasında həyata keçirilir. Görüş 13.00-dan 17.00-dək Xalça Muzeyində keçiriləcək.
Növbəti yeni layihələrdən biri 2 fevral 2020-ci il tarixdə “Bakı Kristal Zalı”-nda təşkil ediləcək "Gənclər festivalı"dır. Festivalda gənclər üçün Skeytbording, Armresling, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Kosmozona (robot texnikası, elmi fəaliyyətlərin nümaşi, elmi şou, transformer şou), Game-zone, DJ Battle, Kospley zone, Mirrorshow, Kvest zone, Graffiti, WR art kimi sahələr fəaliyyət göstərəcək, gənclərin sevimliləri olan məşhur idmançılar, incəsənət xadimləri ilə görüşlər, konsert proqramları, yarışlar və digər əyləncəli proqramlar təşkil ediləcəkdir. Saat 14.00-dan 17.00-dək davam edəcək Festivalda 5000 nəfərə yaxın gəncin iştirakı nəzərdə tutulur.
Hər il 2 fevral – Azərbaycan Gəncləri gününün qeyd olunması münasibəti ilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilir. Bu il də ötən 2019-cu il ərzində respublikamızda dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə – müsabiqə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda iştirak edərək fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş və ictimai fəallığı ilə seçilmiş 23 gənc Gənclər və İdman Nazirliyi tərəfindən təltif ediləcək. Bundan əlavə 2019-cu ildəki uğurlu fəaliyyətinə görə bir sıra gənclər təşkilatları və tələbə gənclər təşkilatları da təltif olunacaq. Mükafatlandırma mərasimi 2 fevral 2020-ci il saat 17.00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.
Tədbirlər daha bir yeni layihə olan "Açıq mikrofon" gənclərin musiqi marafonu ilə davam edəcək. Gənclər və İdman Nazirliyinin və MAG (Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə keçirilən musiqili marafonda istedadlı gənclər öz məharətlərini geniş tamaşaçı auditoriyasında, möhtəşəm səhnədə nümayiş etdirəcəklər. Konsert proqramının xüsusi qonaqları: Hiss, Tibu, PRoMete, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Riad Abdul, Ayaz Babayev, Fərid Həsənov, Məlik Ramiz, Amir Paşayev, Cavidan Fətihi, Vüsal Rzasoy, Fərid Həsənov, Bəxtiyar Məmmədov, The RED jungle, Jafarlinsky Band, East or Weast, Vivace Kvartet, "AMAROK" qrupu, Stage New Life rəqs qrupu, Grifon Dance studio, Sübhi Abbas, DJ Vebo və digər sürpriz ifaçılar tanınmış bloqerlərin təqdimatı ilə çıxış edəcəklər.
Azərbaycan Gəncləri Gününün gənclər arasında geniş şəkildə qeyd olunması məqsədilə təşkil edilmiş tədbirlər "Elektra Events Hall"da gənclərin və tanınmış DJ-lərin iştirakı ilə keçirilən mədəni-kütləvi tədbir ilə davam edəcək. Tədbirdə 4000-dən çox gəncin iştirakı nəzərdə tutulur.



Xəbərlər  Tarix:   31 Yan 2020 / 23:45


« Əvvəlki xəbər (4164 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR