Xalq şairi Vaqif Səmədoğlunun yubileyi Ankarada qeyd edilib

Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında keçirilən tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, yazıçı və şairlər, vaqifsevərlər iştirak ediblər.
TÜRKSOY-un fəaliyyətinə dair filmin nümayişindən sonra Vaqif Səmədoğlu barədə sənədli ekran əsəri göstərilib.
Sonra TÜRKSOY-un baş katib Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu böyük şair Vaqif Səmədoğlunun həyat yolundan, zəngin yaradıcılığından, yüksək insani keyfiyyətlərindən, dəyişməz vətəndaş mövqeyindən, böyük şairlə xoş xatirələrindən danışıblar.
Yüksək təşkilatçılığa görə TÜRKSOY rəhbərliyinə təşəkkürünü ifadə edən Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova bütün iştirakçılara minnətdarlığını bildirərək deyib ki, görkəmli şairlə bağlı ən böyük arzusu Vaqif Səmədoğlunun şeirlər toplusunun Türkiyədə nəşr olunmasıdır.
Sonra Akademik Zemfira Səfərova və Aysun Dəmirəz Günəri böyük şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və düşüncələrini bölüşüblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, böyük Azərbaycan şairi özünəməxsus yazı üslubu ilə poeziyasevərlərin qəlbinə əbədi yol tapıb.
Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləndən sonra şeirlərindən nümunələr oxunub.
Mərasim geniş ədəbi-musiqili proqramla başa çatıb.
Musiqi proqramında Ankara Opera və Balet Teatrının solisti Günlər Erkan Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnıları oxuyub. Solisti teatrın baş pianoçusu Məlahət İsmayılova müşayiət edib.
Azərbaycandan geniş tərkibli heyət yubiley mərasimində iştirak edib.



Xəbərlər  Tarix:   6 Fev 2020 / 14:34


« Əvvəlki xəbər (4119 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR