DQİDK-nın şöbə müdiri: “Dövlət Komitəsi maarifləndirməni həyata keçirərkən bütün vasitələrdən maksimum istifadə etməyə çalışır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimovanın Trend-ə müsahibəsi:

- Bildiyiniz kimi, televiziyalar informasiyanın kütləyə çatdırılması, təbliğat baxımından mühüm rola malikdirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu imkanlardan istifadə baxımından hansı işləri görür?
- Hər sahədə olduğu kimi, dini sahədə də maarifləndirmə çox önəmlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirir. İstər format, istər auditoriya, istərsə də vasitə baxımından bu tədbirlər çoxşaxəliliyi ilə seçilir. Belə ki, ölkənin bütün bölgələrində seminar, treninq, konfrans, müşavirə, fərdi görüş formatlarında keçirilən tədbirlərdə cəmiyyətin bütün təbəqələri əhatə olunmağa çalışılır. Gənclər, qadınlar, tələbələr, şagirdlər, müəllimlər, səhiyyə işçiləri, mədəniyyət evlərinin, kitabxanaların əməkdaşları, hüquq mühafizə orqanları, demək olar ki, bütün sahələrin nümayəndələri maarifləndirmə tədbirlərinə cəlb olunur. Görüşlərimiz məktəblərdə, universitetlərdə, hərbi hissələrdə, həbsxanalarda, ibadət evlərində və s. müəssisələrdə təşkil edilir. Dövlət Komitəsi maarifləndirməni həyata keçirərkən bütün vasitələrdən maksimum istifadə etməyə çalışır. Bu məqsədlə bu gün ən geniş kütləyə xitab edən sosial medianın, sosial şəbəkələrin, eləcə də televiziyanın imkanlarından faydalanmaya bilmərik.
Qeyd etdiyimiz kimi, geniş auditoriyaya xitab etməsi baxımından kütləvi informasiya vasitələrində, xüsusilə telekanallarda maarifləndirici xarakterli verilişlərin olması çox vacibdir. Bütün bunlar nəzərə alınaraq, Dövlət Komitəsi tərəfindən bir neçə telekanalda dini verilişlərin hazırlanıb yayımlanması təmin edilib. Hazırda maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin İctimai T-də yayımlanan “Din və Cəmiyyət”, "Space" telekanalında yayımlanan “İnam” verilişləri vasitəsi ilə davam etdirilir. Bununla yanaşı, Mədəniyyət telekanalında “Haqqın dərgahı” adlı veriliş efirə gedir.

- Televiziya kanallarında efirə gedən proqramları qeyd etdiniz. Dövlət Komitəsi bu proqramlarla işini necə qurur?
- Bildiyiniz kimi, televiziya məkanlarında sadəcə Aztv kanalında 1991-ci ildən mərhum Vasim müəllim Məmmədəliyevin aparıcılığı ilə “Haqqın dərgahı” adlı veriliş var idi. Sevindirici haldır ki, son bir neçə ildir Dövlət Komitəsinin müəllif proqramları sayılan “Din və Cəmiyyət”, “İnam” verilişləri və “Haqqın dərgahı” adlı proqram həftədə bir dəfə efirə gedir. “Haqqın dərgahı” verilişi həftənin cümə axşamı, “Din və Cəmiyyət” və “İnam” verilişləri isə həftənin cümə günləri yayımlanır.
Dövlət Komitəsi bu verilişlərin aparıcıları ilə mütəmadi görüşür, mövzular barədə geniş fikir mübadiləsi aparılır, qonaqlar müəyyənləşdirilir. Mövzular seçilərkən cəmiyyəti maraqlandıran, maarifləndiricilik baxımından əhəmiyyətli məsələlər, milli-mənəvi, dini dəyərlərimiz və ən əsası insanlarımızı birləşdirən, onların həmrəyliyinə və vəhdətinə səbəb olacaq mövzular seçilir. Eyni zamanda, qonaqlar müəyyənləşdirilərkən nüfuzlu ilahiyyatçılara, cəmiyyət tərəfindən sayılıb seçilən din xadimləri, alimlərə, bu sahənin tanınmış mütəxəssislərinə üstünlük verilir. Mövzular və qonaqları seçərkən məhzəbçilik baxımından balansın qorunması kimi mühüm cəhətlərə də diqqət yetirilir. Verilişlərdə izləyicilərin sualları cavablandırılır, maraqlı rubrikalar təqdim edilir.
Qeyd edək ki, “Haqqın dərgahı” verilişinin aparıcısı Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, “Din və Cəmiyyət” verilişinin aparıcısı Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini, ilahiyyatçı Ceyhun Əliyev, “İnam” verilişinin aparıcısı isə şərqşünas Camal Əzimbəylidir.

- Bu proqramlarda qarşıya qoyduğunuz prioritet məsələlər nələrdir?
- Dövlət Komitəsi üçün bu proqramların efirə getməsində əsas məqsəd sözsüz ki, cəmiyyətimizi maarifləndirməkdir. Geniş kütləyə səsimizi çatdırmaq, onları düzgün məlumatlandırmaq, zərərli meyillərdən qorumaq və sağlam dini düşüncəni formalaşdırmaqdır. Bu istiqamətdə əlimizdən gəldiyi ölçüdə işlər görürük və dini verilişlərdən də məhz bu istiqamətdə bəhrələnməyə çalışırıq.

- Proqramlar cəmiyyət tərəfindən necə qarşılanır?
- Bəli, qeyd edilən verilişlər müəyyən qədər izləyici kütləsinə malikdir. Əlbəttə, biz nə qədər çox kütləyə xitab etsək, o qədər çox effektivlik əldə etmiş olarıq. Lakin bu da reallıqdır ki, televiziya məkanında reytinq məsələsi var. Günün pik saatları var ki, o vaxt daha çox izləyici televiziyaları izləyir və bu da həmin saatda efirə gedən proqramların reytinqini müəyyənləşdirir. Çox istərdik ki, dini verilişlər də həmin pik saatlarda efirə getsin. Lakin xüsusilə vurğulamalıyıq ki, bizim məqsədimiz reytinq deyil, maarifləndirməkdir. Dini verilişlər də insanlarımızı maarifləndirmək üçün hazırlanır və izləyiciləri düzgün maarifləndirə biliriksə, bu bizim üçün kifayət edən göstəricidir.

- Dövlət Komitəsi tərəfindən yeni proqramların hazırlanması və maarifləndirmə istiqamətində televiziyanın imkanlarından istifadənin daha da genişləndirilməsi nəzərdə tutulubmu?
- Çox istərdik ki, bu cür verilişlər hər kanalda getsin. Daha çox kütləyə əlimiz çatsın. Cəmiyyətimiz daha çox maariflənsin. Hələ ki, bu adıçəkilən proqramlar efirə gedir və Dövlət Komitəsi mütəmadi bu proqramların yenilənməsi, zənginləşdirilməsi istiqamətində işlər görməkdədir.



Xəbərlər  Tarix:   11 Fev 2020 / 18:26


« Əvvəlki xəbər (4089 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR