Mübariz Qurbanlı: “Radikal qüvvələr din adı altında İslam dininə zərbə vurmağa çalışırlar”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı News24.az saytının suallarını cavablandırıb:

Mübariz müəllim, hazırda Azərbaycanda dini vəziyyəti necə qiymətləndirərdiniz?
-Hazırda ölkədəki dini vəziyyəti qiymətləndirmədən öncə dini fəaliyyət sahəsində baş vermiş və gələcəkdə təsiri daha aydın müşahidə ediləcək bir neçə hadisəyə diqqət çəkmək istəyirəm. Bunlardan ikisini xüsusi qeyd edim. Birincisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2017-ci ildə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Fondun fəaliyyət istiqamətlərindən biri kimi din xadimlərinə maddi dəstəyin verilməsi müəyyənləşdirilib. 2018 və 2019-cu illərdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə imam, imam müavini və mütəvəlli təyin olunub, 1000-dən artıq din xadiminə maddi dəstək verilib. 2020-ci ildə də din xadimlərinə maddi dəstəyin verilməsi nəzərdə tutulub. Eyni zamanda, il ərzində 70-80 dini icmanın sosial layihələri maliyyələşdirilir.
İkinci mühüm məqam isə dövlət başçısının sərəncamı ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. Bu iki qurumun yaradılması çox önəmli və biri-biri ilə sıx əlaqəli məsələlərdir. Belə ki, Fondun din xadimlərinə maddi dəstək verməsi məscid və dini icmaların fəaliyyətinə kənar şəxslərin və xarici emissarların müdaxiləsini məhdudlaşdırmaqla yanaşı, eyni zamanda intellektual səviyyəsi yüksək olan gənclərin din xadimi peşəsinə meyil etməsinə və yerli kadr bazasının genişlənməsinə səbəb olur.
Eyni zamanda, son illərdə dini mərkəzlər, icmalar tərəfindən bir sıra təşkilati məsələlər də öz həllini tapıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ölkə ərazisində hazırda fəaliyyət göstərən məscidlərin əksəriyyətinə din xadimi təyin edilib. Din xadimlərinin bilik səviyyəsini yüksəltmək məqsədi ilə mütəmadi olaraq onların attestasiyası təşkil edilir. Həmçinin qeyri-müsəlman icmaların fəaliyyəti sahəsində də mühüm addımlar atılıb. Onların təsis etdiyi dini icmalar dövlət qeydiyyatına alınıb və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi üçün şərait yaradılıb.
Məlumat üçün bildirirəm ki, bugünədək 941 dini icma təsis olunub və DQİDK-da dövlət qeydiyyatından keçib. Onların 907-si İslam, 24-ü Xristian, 8-i Yəhudi, 2-si Bəhai, 1-i isə Krişna Şüuru dinlərinin nümayəndələri tərəfindən təsis olunub.
Bütün bu sadaladığımız hallar dini duruma müsbət təsir edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq ölkədəki dini durumun öyrənilməsi, vətəndaşların dini etiqad azadlığını yerinə yetirməsi üçün şəraitin yaradılması, dindarlığın səviyyəsinin, o cümlədən neqativ tendensiyaların müəyyən olunması və onların aradan qaldırılması istiqamətində dini ibadət ocaqlarında, sosial şəbəkələrdə monitorinqlər həyata keçirir. Habelə Dövlət Komitəsinə daxil olan məlumatlara görə, hazırda ölkədə dini durum sabitdir. Son illərdə dini ibadət ocaqlarının və dini icmaların fəaliyyətinə kənar şəxslərin və xarici emissarların müdaxiləsi qeydə alınmayıb. Dini konfessiyalar və icmalar arasında birlik və həmrəyliyə olan inam hər ötən gün güclənməkdədir.
Əlbəttə, bizi narahat edən məqamlar da vardır. Xüsusilə sosial şəbəkələrin dindarlaşma prosesinə mənfi təsirini qeyd etməliyik. Radikal dini qrupların burada aktivliyi internet resurslarından daha çox istifadə edən gənclərin onların təsirinə düşmə ehtimalını yüksəldir.

- Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə DQİDK-nın səlahiyyət bölgüsü necə tənzimlənir? Yəni hansı məsələlər Dövlət Komitəsinə, hansı QMİ-yə aiddir?
- Konstitusiyamıza görə, Azərbaycanda din dövlətdən ayrıdır. Eyni zamanda, burada vətəndaşların vicdan və dini etiqad azadlığı ilə bağlı maddələr də öz əksini tapıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılarkən onun əsas vəzifələrindən biri kimi insanların vicdan azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması müəyyənləşdirilib.
Dövlət-din münasibətlərini tənzimləyən, Dövlət Komitəsinin, o cümlədən dini qurumların fəaliyyət istiqamətini müəyyənləşdirən hüquqi akt “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanuna görə, dövlət və dini qurumlar ayrıdır, dövlət özünə aid olan hər hansısa işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Qanuna görə QMİ Azərbaycan Respublikasında İslami dini qurumların tarixi dini mərkəzidir. Ölkəmizdə fəaliyyət göstərən İslami dini icmalar təşkilati məsələlərdə QMİ-yə tabedirlər. Məscidlər din xadimlərinin təyin edilməsi, dini bayramların vaxtının müəyyən edilməsi və s. şəriətlə bağlı məsələlər QMİ-nin səlahiyyətlərinə daxildir.
DQİDK isə dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Onun əsas vəzifələri insanların vicdan azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması və dini qurumların dövlət qeydiyyatına alınmasından ibarətdir. Əlavə olaraq bildirim ki, hər iki qurumun əsasnaməsi var. Orada qurumların səlahiyyətləri və hüquqları barədə təfsilatlı məlumat verilib.

- Neçə illərdir ki, Ramazan və Qurban bayramları ərəfəsində insanlar arasında fikir ayrılığı yaranır. Müxtəlif Ramazan cədvəlləri tərtib edilir, hərə bir vaxtda bayramı qeyd edir və namazı qılır. Sizcə, niyə bizdə belə fikir ayrılığı var? Bu, QMİ-yə inamsızlıqdır, yoxsa …
- Azərbaycan dövləti vətəndaşların dini etiqad azadlığından irəli gələn vəzifələrini sərbəst və təhlükəsiz şəraitdə yerinə yetirmələrinə xüsusi önəm verir. Hər il Ramazan və Qurban bayramları günləri Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günləri elan edilir. Dövlət orqanları, yerli icra hakimiyyətləri səlahiyyətləri çərçivəsində bu bayramların xalqımızın milli-mənəvi dəyərlərinə, xüsusilə də İslam dininin ümumbəşəri dəyərləri, dostluq, qardaşlıq duyğusu ilə qeyd edilməsi üçün lazımi köməkliyin göstərilməsini özünə borc bilir.
Sizin suala gəlincə, burada müəyyən qədər həqiqət vardır. Ümumiyyətlə, hər il dini bayramlar ərəfəsində, xüsusilə də Ramazan ayının başlaması və bitməsi ilə əlaqədar müsəlman dünyasında fikir ayrılığının olduğunu müşahidə etməkdəyik. Son dövrlərdə bu fikir ayrılığını aradan qaldırmaq məqsədilə çağırışlar edilsə də, İslam dünyasının din alimlərinin iştirakı ilə beynəlxalq tədbirlər, konfranslar keçirilsə də, bu anlaşılmazlıq hələ də davam etməkdədir. Çoxu bunu İslam məzhəblərinin tarixi ənənəsi, şəriətə baxışı ilə əlaqələndirir. Lakin məsələnin İslam dünyasında siyasi birliyin olmamasından qaynaqlandığını deyənlər də vardır. Konkret olaraq Azərbaycan bu sahədəki mövcud vəziyyətə gəlincə, bildiyiniz kimi hər il Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-dini Şurası bu bayramların tarixi ilə bağlı fətva verir. Bununla bağlı QMİ ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası tərəfindən birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanır, dini icmalar, din xadimləri və sıravi dindarların istifadəsinə verilir. Habelə, bu bayramların keçirilməsi ilə bağlı İslam dininin prinsipləri açıqlanır, onların dinimizin dəyərləri, xalqımızın adət-ənənələrinə uyğun keçirilməsi tövsiyə olunur.
Dövlət Komitəsinin apardığı monitorinqlər zamanı ölkə ərazisində dindarların əskəriyyətinin Ramazan ayında və Qurban bayramında dini ayinləri QMİ-nin fətvasına və tövsiyələrinə uyğun şəkildə həyata keçirdikləri müşahidə olunub. Belə ki, bütün məscidlərdə Ramazan ayında icra edilən ayinlər və bayram namazı QMİ-nin fətvasında göstərilən tarixdə yerinə yetirilir. İbadət ocaqlarında ibadətlərin icrası zamanı heç bir insident və neqativ hal qeydə alınmayıb. Ümumiyyətlə, müşahidələr zamanı dindarlar arasında vəhdətçilik prinsipinə inamın ildən-ilə daha da gücləndiyini görürük ki, bu da xalqımızın öz tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə ehtiramının göstəricisidir.
Şübhəsiz, öz maraqları naminə Azərbaycanda dindarlar arasında fikir ayrılığı yaratmağa çalışan qüvvələr də vardır. Burada təəssüfləndirici məqam ondan ibarətdir ki, bu radikal qüvvələr din adı altında bütün dinlərin, o cümlədən İslam dininin də təbliğ etdiyi ideyaya - vəhdətə, həmrəyliyə zərbə vurmağa çalışırlar. Əsasən sosial şəbəkələr üzərindən həyata keçirilən bu planların mahiyyətindən Azərbaycan xalqı kifayət qədər agahdır və bunu qəbuledilməz hesab edir.

-Ayrı-ayrı məkanlarda insanlara yaxınlaşıb xristian dininin daha müsbət olduğunu təbliğ edən insanlara yenə də rast gəlirik. Hətta broşürlər də paylanır. Missionerlərin bü cür təbliğatını DQİDK necə dəf edir?
-Azərbaycan Respublikasının Konstitusiyasına və “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən hər kəsin öz əqidəsini ifadə etmək və onu yaymaq hüququ vardır. Eyni zamanda, bildirməliyik ki, qanunvericiliyimizə görə dini etiqadın irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədilə təbliği yolverilməzdir. İnsan ləyaqətini alçaldan və insanpərvəlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği, istisna halları nəzərə alınmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması, ümumiyyətlə, qadağandır.
Dini ədəbiyyatların paylanılması barədə qeyd etməliyəm ki, bu məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən dini ədəbiyyatlar DQİDK-nın razılığı ilə istehsal və idxal edilə bilər. Onlar yalnız nəzarət markası ilə markalandıqdan sonra sərbəst yayıla bilər.
Qeyd edim ki, qanunlarımızın bu tələblərinin pozulması AR-nın Cinayət və İnzabati Xətalar məcəllələrinə əsasən cərimə və digər məsuliyyətlərə səbəb olur. Lakin bununla yanaşı, dini durumdakı neqativ hallarla bağlı yalnız hüquq müstəvisində mübarizə aparmaqla kifayətlənmək olmaz. Buna görə də Dövlət Komitəsi mütəmadi olaraq ölkədəki dini konfessiyalar, icmalar və din xadimlərinin iştirakı ilə müxtəlif formatlı maarifləndirici tədbirlər keçirir. Onlara, xüsusilə də Azərbaycanda yeni olan, bizim qeyri-ənənəvi dediyimiz dinlərin və təriqətlərin nümayəndələrinə ölkənin hüquq sistemi ilə yanaşı, xalqımızın tarixi, adət-ənənələri, yaşayış tərzi barədə məlumatlar verilir, onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasının yolları ilə bağlı fikir mübadiləsi aparılır. Məhz belə kompleks tədbirlərin nəticəsidir ki, ildən-ilə əcnəbi missionerlərin dini təbliğat aparması, xüsusilə də valideynlər tərəfindən narahatçılıqla qarşılanan küçədə dini ədəbiyyatın paylanılması və digər neqativ halların azalması müşahidə olunmaqdadır.

- Bir müddət öncə orta məktəblərdə dini dərslərin keçirilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Amma bu, reallaşmadı...
-Burada söhbət orta məktəblərdə din haqqında bilginin daha geniş şəkildə çatdırılmasından gedir. Orta məktəblərdə tədris olunan “Tarix” və “Həyat bilgisi” fənlərində İslam, Xristianlıq, Yəhudi dinləri haqqında məlumatlar var. Təəssüf ki, bəziləri bunu dini dərslərin tədrisi kimi başa düşdü, halbuki tədris proqramlarında dinlər haqqında ümumi məlumatların genişləndirilməsi nəzərdə tutulmuşdu. Bu proses isə gedir.

- Bununla bağlı Təhsil Nazirliyi ilə birgə layihələriniz gözlənilirmi?
- Həmin proqramlarla bağlı işlər gedir, bəzi əlavələr edilib. Eyni zamanda, bu ildən ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənni tədris olunur. Həmin fənn çərçivəsində dünyada olan bütün dinlər haqqında məlumatlar verilir. Bizim fikrimiz budur ki, ali təhsil müəssisələrində da multikulturalizmi, tolerantlığı öyrənən zaman gənclərimiz dinlər haqqında məlumatlı olsunlar. Din haqqında bilgi almaq başqadır, bütövlükdə din üzrə mütəxəssis olmaq bambaşqadır. Bir var din haqqında bilgi almaq, bir də var din üzrə mütəxəssis kimi yetişmək. Din üzrə mütəxəssislər İlahiyyat İnstitutunda, dini kolleclərdə hazırlanır. Bunlar başqa-başqa anlayışlardır. Ona görə də dini dərslər termini yoxdur. Dinlər haqqında bilgi bütün fənlər içərisində verilə bilər- tarix, ədəbiyyat fənni daxilində də dini bilgilər əldə edilə bilər. Cəmiyyət bəzən bunu dini təhsil kimi qəbul edir.

- Din haqqında bilgilərin yetərli olmaması insanları müxtəlif radikal təriqətlərin təsirinə də salır...
- Bəli, biz də ona görə istəyirik ki, din haqqında bilgilər mükəmməl olsun. Din haqqında bilgi iki cürdür. Bir var, ümumən dünyagörüşü baxımından bilgi əldə edirsiniz, bir də var, din üzrə mütəxəssis hazırlayırsınız. Onlar başqa anlamlardır. Din üzrə mütəxəssis bu yöndə təhsil verən orta və ali təhsil müəssisələrində hazırlanır ki, bunlardan biri İlahiyyat İnstitutu, digəri isə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan İslam kollecidir.

- Son dövrlər Azərbaycanda ailə cəmiyyətləri parçalanır, boşanmaların sayı artır. Sizcə buna səbəb nədir və nə etmək lazımdır ki, bunun qarşısı alınsın?
- Ailə institutu ilə bağlı problem bütün dünyada var. Qərb ölkələrində ailə institutlarında baş vermiş müəyyən deformasiyaları müşahidə etməkdəyik. Ailə cəmiyyətdə çox vacib institutdur, onu qoruyub yaşatmaq lazımdır. Bizim də özünəməxsus ailə ənənələrimiz var. İslami dəyərlər, tarixən Azərbaycana məxsus ailə ənənələri yaşamaqdadır. Bizdə ağsaqqala, ağbirçəyə hörmət-izzət məsələləri var, yaşlılara, qadına hörmət var. Eyni zamanda, mənsub olduğumuz dində qadına xüsusi diqqət verilib. “Qurani-Kərim”də, peyğəmbər hədislərində qadınların hüquqlarına çox böyük üstünlüklər verilib. Çox təəssüf ki, qloballaşma prosesində Qərbdə, bütün dünyada baş verən dəyişikliklər digər formada Azərbaycana da öz təsirini göstərir. Azərbaycan dünyadan kənarda deyil, informasiya mübadiləsinin sürətlənməsi, o cümlədən sosial şəbəkələr, bu gün dünyada azad ölkə olduğumuza görə gediş-gəliş və digər dəyişmələr müəyyən mənada təsirini göstərir. Mən yenə o fikirdəyəm ki, Azərbaycanda digər ölkələrlə müqayisədə bu dəyərlər daha möhkəmdir. Bizdə boşanmaların sayı başqa ölkələrlə müqayisədə çox deyil. Elə ölkələr var ki, orada ailələrin nikah bağlamaları müxtəlif yaş səviyyəsindədir. Vətəndaş nikahı rəsmi dövlət nikahını üstələməkdədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər dövlət qurumları, eləcə də medianın təbliğatı Azərbaycanda gənclərin ailəyə bağlılığının daha çox möhkəmlənməsinə gətirib çıxarmaqdadır.
Mən əminəm ki, ailə institutumuzu və ailə ənənələrimizi geniş şəkildə qoruya biləcəyik. Burada çox böyük işlərə ehtiyac var.
O cümlədən, bizim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də, digər qurumların də üzərinə böyük işlər düşür. Hesab edirəm ki, bizim ailə dəyərlərimizi özündə əks etdirən çox sayda yazılara, həmçinin filmlərə ehtiyac var. Xüsusilə, filmlər vasitəsilə ailə sütunumuzun təbliğinə ehtiyac hiss olunur. İstər sənədli filmlər, istərsə də bədii filmlər olsun. Dövlət Komitəsində də Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə ailə dəyərlərimizlə bağlı xeyli videoçarxlar çəkilib, həm də təbliğat materialları nəşr olunub. Eyni zamanda, İslamda ailə mövzusunda kitablar nəşr olunur. Çalışırıq ki, ailə dəyərlərimizin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edək. Ailə dəyərlərimiz üzrə bir çox məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə işləri daha da gücləndirmək lazımdır.

- Dövlətimizin dini siyasətində bu cür, milli - mənəvi dəyərlərimizin qorunması ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi?
- Qeyd etdiyim kimi, cənab Prezident İlham Əliyevin Fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu təsis edilib. Bu Fond və onun nizamnaməsi qəbul edilib. Fondun qəbul olunmuş nizamnaməsində mənəvi dəyərlərin geniş şəkildə təbliğinə aid istiqamətlər göstərilib. Fond ötən illər ərzində çox əhəmiyyətli işlər görüb. Görülən işlərlə bağlı ictimaiyyət məlumatlandırılıb. Mənəvi dəyərlərimizlə əlaqədar həm sənədli filmlər və videoçarxlar çəkilib, ailə dəyərlərimizlə, bayrağımızla, gerbimizlə, himnimizlə, tariximizlə bağlı məlumatlar yayılıb. Biz gənc nəslə milli-mənəvi dəyərlərimizi düzgün təbliğ və təşviq etməliyik. Bizim dəyərlərimiz nədir? Dəyərlərimiz müstəqilliyimizdir, bayrağımızdır, ailəmizdir. Dəyərlərimizi qorumalıyıq, necə ki, xalqımız nəsildən-nəslə dilimizi, dinimizi qoruyaraq bizə çatdırıb, bizim də vəzifəmiz həmin dəyərləri yeni nəslə çatdırmaqdır. Bu baxımdan, Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti genişdir.

- Məscidlərlə bağlı nə kimi yeniliklər var, bildiyim qədərilə yeni məscidlər tikilməkdədir...
- Ümumiyyətlə, məscidlərin tikintisi, təmiri Komitənin səlahiyyətində olan məsələ deyil. Məscidlərin tikilməsi dövlət tərəfindən reallaşdırılır. Bir qismi müəyyən fondlar, hətta fərdi şəxslər tərəfindən də bu və ya digər yerlərdə məscid tikintisini toplanmış ianələr vasitəsilə həyata keçirə bilərlər. Yəni məscid tikintisində qaydalar var. Bu qaydalara uyğun olaraq həyata keçirilməlidir. Cənab Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda çoxlu sayda məscid həm təmir və bərpa olunub, həm də yeniləri tikilib. Baxın, Azərbaycanda ölkə başçısının birbaşa şəxsi təşəbbüsü ilə nə qədər böyük məscidlər tikilib. “Heydər” məscidi bu gün Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Milli üslubda, islami dəyərləri özündə əks etdirən məscid kimi hamı tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda məscidlərin sayı kifayət qədərdir. Hazırda ölkəmizdə 2500-ə qədər məscid var. Bunun 220-ə qədəri Naxçıvanda fəaliyyət göstərir. Eyni zamanda Naxçıvanda daha böyük bir məscid inşa edilir. Azərbaycanın ayrı-ayrı yerlərində - rayon mərkəzlərində, kənd və qəsəbələrdə vətəndaşların təşəbbüsü, topladıqları vəsait hesabına tikilən məscidlər də var. Vaxtilə Azərbaycanın müstəqilliyinin ilk illərində bəzi xarici ölkələrdən müxtəlif vəqflərin, fondların təşəbbüsü ilə tikilən məscidlər də olub. Bu gün Azərbaycan məscidlərində insanların ibadət eləməsi üçün hər cür şərait var.
Onu da qeyd edim ki, Azərbaycanda məscidlər yerli icra hakimiyyətinin razılığı ilə tikilir və bələdiyyələrin balansına verilir. Bələdiyyələr isə öz növbəsində həmin məscidləri Qafqaz Müsəlmanları İdarəsinin nəzarətinə verir. Bununla da həmin məscidlərdə vətəndaşlarımızın dini ibadətlərini yerinə yetirməsi üçün şərait yaranır. Eyni zamanda, məscidlərə imam, imam köməkçisi və mütəvəlli təyinatı verilir. Məscidlərdə çalışan din xadimlərinə Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək göstərilir.

- Qeyd etdiniz ki, ayrı-ayrı fərdlər məscid tikintisinə təşəbbüs göstərir. Bəs, onların arasında sahibkarlar da varmı?
- Bəli, bəzi məscidlərin inşasında sahibkarlar da iştirak edib. Amma son illər tikilən böyük məscidlərin tikintisi əsasən dövlətin birbaşa ayırdığı vəsait hesabına həyata keçirilib. Bakı şəhərində çoxlu sayda məscidlər var ki, həm tikilib, həm də təmir edilib. Məsələn, Hacı Cavad məscidi cənab Prezidentin şəxsi göstərişi ilə tikilib. Dövlət başçısının prezident seçkilərindən sonra ilk ziyarət etdiyi məkanlardan biri Hacı Cavad məscidi idi. Çox gözəl məsciddir. İanələrlə, insanların özlərinin topladığı vəsaiti hesabına, hansısa sahibkarların iştirakı ilə tikilən bu və ya digər məscidlər də var.

- Mübariz müəllim, Sizcə məscidlər yalnız dini inancların yerinə yetirilməsi üçünmü fəaliyyət göstərməlidir? İbadət evinin daha nə kimi öhdəliyi olmalıdır?
- Məscidlər yarandığı dövrdən elm, irfan mərkəzi, insanların toplaşdığı və müxtəlif məsələlər haqqında bilgi aldığı yer sayılır. Orta çağlarda İslam ölkələrində məscidlər, məscidlərin yanında isə məktəblər, mədrəsələr olub. Bu gün də məscidlər yenə bilik mərkəzidir. Məscidlər yalnız dini ayinləri icra etmək üçün deyil. Burada insanlar müxtəlif məsələləri müzakirə edirlər. Multikulturalizm Mərkəzi, DQİDK, Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə məscidlərə çoxlu sayda kitablar verilib. Eyni zamanda, məscidlərdə dini ədəbiyyatlar, bizim yazıçıların əsərləri də var. Gənclər orada kitablar da oxuyur, müxtəlif diskussiyalarda iştirak edə bilirlər. Amma təbii ki, məscidlərin inşa olunmasında ilk məqsəd dini ayinlərin icra olunmasıdır.

- Həm də yaşamaq üçün yeri olmayan kimsəsizlərin sığınacaq yeri də məscidlər olmalıdır. Sizcə, məscidlərimiz bunu edə bilirlərmi?
- Əlbəttə, kimsəsiz və ya yardıma ehtiyacı olan insanlara yardım edilir. Çünki məscidlər var ki, onların yanında ziyarətgahlar olur, bu cür ziyarətgahlarda toplanan vəsaitlərdən ianələr formasında insanlara yardımlar göstərilir. Elə ziyarətgah kompleksləri var ki, orada yüzlərlə insana müxtəlif formada yardımlar göstərilir. O cümlədən, Mənəvi Dəyərlərin Təbliği Fondu da məscidlərlə birlikdə şəhid ailələrinə, kimsəsizlərə, ahıllara yardım edir. Yəni, məscidlərin bu gün cəmiyyətdə yeri və rolu zamana uyğun şəkildə davam edir.

- Bildirdiniz ki, məscidlər insanların həm də mütailə etdiyi yerdir. Amma buna rəğmən, yas mərasimlərimizdəki mollalarımızın çoxu cahil, xurafat dolu çıxışları ilə yadda qalırlar...
-“Ağız ədəbiyyatı” deyilən anlayış var, kimsə eşidir ki, din xadimi cahil danışır və s. Bunun üçün öncə onu öyrənmək lazımdır ki, o adam həqiqətən də rəsmi təyinatı olan din xadimidir? Yas mərasimlərində bir çox hallarda bu vəzifəyə təyinatı olmayan insanlar iştirak edir. Hər əlində təsbeh tutub, başına əmmamə qoyan adama din xadimi kimi baxmaq lazım deyil. Din xadimi o adamdır ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyinatı var. Rəsmi təyinatı olan imamın cahil çıxışlar etmək ehtimalı çox aşağıdır. Nadir hallarda beləsinə rast gələ bilərsiniz ki, o hansısa səhv eləsin. Yüksək təhsil almış imam heç vaxt yas mərasimlərində xurafat və cəhalətlə bağlı hansısa fikri səsləndirə bilməz. O, dini mükəmməl bilirsə, xurafatın və cəhalətin nə olduğunu bilməlidir. Bilməlidir ki, İslam cəhalətə və xurafata qarşıdır. İslam və “Qurani-Kərim” cəhaləti tamamilə inkar edir, biliyə, elmə böyük diqqət yetirir. İslam dinində alimin mürəkkəbi şəhid qanı ilə bərabər tutulur. Belə bir dinin nümayəndəsi, din xadimi necə cahil fikir söyləyə bilər?! Dini təhsili olmayan, heç bir rəsmi təyinatı olmayan şəxs yas mərasimində səhv edirsə, bunu digər din xadimlərinə də şamil etmək düzgün deyil. Biz tövsiyə edirik ki, yas mərasimlərini rəsmi formada təyin olunan din xadimlərimiz idarə etsinlər.
Ümumiyyətlə, qanuna görə bütün dini mərasimləri yalnız rəsmi təyinatı olan şəxslər aparmalıdır. Biz ən çox tövsiyə edirik ki, vətəndaş hüzr mərasiminə dəvət etdiyi din xadiminə diqqət etsin. Əziz adamlarının məzarını ziyarət edərkən dini geyimli şəxs görürsünüzsə, bu həmin şəxsin yüksək dini təhsilli olmasına dəlalət eləmir. Belə şəxslər təsadüfən, azacıq dini bilir, məzar üzərində kiminsə xahişi, yaxud da umacağı xatirinə Qurandan bir ayə oxuyur. Amma bu adamın həmin ayəni düzgün şəkildə oxuyub-oxumadığına heç kim təminat verə bilməz. Elə bir dövrdə yaşayırıq ki, insanların nəyi isə öyrənməsinə çətinlik yoxdur. Əgər siz 30-40 il əvvəl nəsə öyrənmək istəyirdinizsə, mütləq kitabxanaya getməliydiniz. İndi siz vaxt sərf etmədən məlumat əldə edə bilərsiniz. Sosial şəbəkələr vasitəsilə müasir dini təhsili almış din xadimlərimizin xütbələrinə, moizələrinə diqqət yetirsəniz, onların savadını görə bilərsiniz. Bizim yas mərasimlərində qadınlar kişilərlə ayrı-ayrı toplaşırlar. Biz düşünürük ki, qadınların yas məclislərini aparanları daha bilgili din xadimləri ilə əvəz edək. Çalışmalıyıq ki, həmin qadın məclislərini də savadlı din xadimləri idarə etsin.



Xəbərlər  Tarix:   11 Fev 2020 / 21:43


« Əvvəlki xəbər (4088 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR