Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib. Bununla əlaqədar mərkəzin layihəsi ilə “Qarabağ atı” animasiya filmi özbək dilinə dublyaj edilib və yaxın günlərdə nümayişinə başlanılacaq.
Bu haqda AMM-in direktoru Samir Abbasov deyib: “İl ərzində AMM-in müxtəlif tədbirləri çərçivəsində “Qarabağ -əcdadlarımızın mirası” adlı sənədli film nümayiş etdiriləcək, “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm, “Könlüm keçir Qarabağdan” şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar poeziyasevərlərinin Qarabağa həsr etdikləri ən yaxşı şeirləri, poemaları seçib nəşr etməyi planlaşdırır”.
O bildirib ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə mərkəzin “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dilində yeni bölmələrin yaradılması, mövcud bölmələrin zənginləşdirilməsi məqsədilə bu il ərzində Qarabağın Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, tanınmış qarabağlılar, bölgənin müxtəlif rayonları, regionun özünəməxsus abidələri, adət-ənənələrinə dair yeni bölmələr yer alacaq.
Bu mövzuda foto, rəsm, dəb sərgiləri nümayiş etdiriləcək, habelə Mədəniyyət Mərkəzinin “Youtube.com” platformasında fəaliyyət göstərən online kanalına video məlumatlar yerləşdiriləcək.
S.Abbasov müsahibəsinin sonunda vurğulayıb ki, “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədqiqat əsərlərinə, yerli mətbuatda məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, il ərzində özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrlə hazırlanması həyata keçiriləcək.
“Mədəniyyət Mərkəzi tərəfindən 2020-ci il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi və bu çərçivədə “Qarabağ” muğam qrupunun Özbəkistanda çıxışı da nəzərdə tutulub”, - deyə S.Abbasov bildirib.



Xəbərlər  Tarix:   12 Fev 2020 / 10:23


« Əvvəlki xəbər (4072 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR