Qubada regional müşavirə

Qubada Təhsil Nazirliyinin təşkilatçılığı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin dəstəyi ilə regional müşavirə keçirilib.
Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı və yol-nəqliyyat hərəkətinin təhlükəsizliyi ilə əlaqədar maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar keçirilib.
Müşavirədə Təhsil Nazirliyinin, Milli Agentliyin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional mərkəzinin əməkdaşı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı Rayon Təhsil şöbələrinin müdirləri və təhsil müəssisələrinin rəhbərləri, kollec, peşə və internat müəssisələrinin direktorları, eləcə də həmin regionlar üzrə çalışan gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərlər iştirak ediblər.
Müşavirənin əsas məqsədi qeyd olunan məsələ ilə əlaqədar yerli təhsili idarəetmə orqanlarında çalışan rəhbər və digər aidiyyəti işçilərlə müvafiq maarifləndirmə işinin aparılması olub. Eyni zamanda gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninə aid kabinetlərdə təlim silahları, sursatlar və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək və çağırışaqədərki rəhbərlərin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək olub.
Müşavirədə çıxış edən Təhsil Nazirliyinin Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verib. Yerli təhsili idarəetmə qurumlarının müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı yerlərdə aparılan işlər zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması, bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.
Fövqəladə Hallar Nazirliyinin Şimal regional Mərkəzinin əməkdaşı Mərdan Mərdanov idarə və təşkilatlarda bu səpkidə tədbirlərin keçirilməsinin vacibliyi, təhsil müəssisələrində fövqəladə halların proflaktikası və görüləcək tədbirlərdən danışıb.
Çıxış edən Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov GÇH fənninin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib.
Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə və Qaydaların mənimsədilməsinə xidmət etdiyini qeyd edib.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr də aparılıb.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək yol hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Müşavirə müzakirələrlə başa çatıb.
Müşavirə iştirakçıları daha sonra Quba rayon Alekseyevka kənd tam orta məktəbinin hərbi kabineti və orda olan avadanlıqlarla tanış olublar.



Xəbərlər  Tarix:   24 Fev 2020 / 20:16


« Əvvəlki xəbər (1626 / 4964) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR