Milli Kitabxana ilə Qazaxıstan kitabxanaları arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir

Fevralın 28-də Qazaxıstanın Azərbaycandakı səfiri Serzhan Abdykarımov Azərbaycan Milli Kitabxanasında olub.
Qurumun direktoru Kərim Tahirov qonaqların kitabxanada olmasından məmnunluğunu bildirib. O, Milli Kitabxana haqqında qonaqlara məlumat verərək kitabxananın beynəlxalq əlaqələrindən, burada həyata keçiriləcək yeni layihələrdən söz açıb. Direktor Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Kərim Tahirov vurğulayıb ki, ötən il VI Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə Milli Kitabxanada “Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılış mərasimi keçirilib. Qeyd edib ki, “Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılışında 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri də iştirak ediblər. Kərim Tahirov bildirib ki, zalda 13 ölkənin ədəbiyyatına dair yaradılmış daimi guşədə qazax ədəbiyyatı da xüsusi yer alır.
Söhbət zamanı Serzhan Abdykarımov Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, gələcək əməkdaşlıq barədə fikirlərini qeyd edib. O bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.
Daha sonra Milli Kitabxananın direktoru Kərim Tahirov Serzhan Abdykarımovun Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitablara görə minnətdarlığını bildirib və öz növbəsində “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Qobustan – minilliklərin kitabı” (Azərbaycan və rus dillərində), “Расим Алиев. Воспоминания” adlı kitabları, Azərbaycan Respublikasının xəritəsini və Milli Kitabxanadan xatirə suvenirini qonağa hədiyyə edib.
Həmçinin qonaqlar Milli Kitabxananın “Beynəlxalq Əməkdaşlıq Zalı” ilə tanış olublar.



Xəbərlər  Tarix:   28 Fev 2020 / 22:41


« Əvvəlki xəbər (1532 / 4947) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR