AFAQ layihəsi çərçivəsində arıçı fermer qadınlarla görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə AFAQ layihəsi çərçivəsində Şəkidə arıçı fermer qadınlarla görüş keçirilib. Görüşdə Şəki daxil olmaqla şimal-qərb regionunda fəaliyyət göstərən arıçılar iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd arıçı fermer qadınları bir araya gətirərək mövcud imkanlar və layihələr barədə məlumatlandırmaq, onların “AFAQ” layihəsindən yararlanması imkanlarının müəyyənləşdirmək, arıçılıqla məşğul olan qadın fermerlərin fəaliyyətləri zamanı qarşılaşdıqları çətinlikərin araşdırılması və aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir.
Görüşdə arıçılıq məhsullarının istehsalında keyfiyyət göstəriciləri, məhsulların qablaşdırılması, satışı, marketinqi və ixracı mövzularında bu sahənin mütəxəssisləri tərəfindən məlumatlar verilib. Məhsul istehsalında qida təhlükəsizliyi standartlarının əhəmiyyəti, martketinq və satış kanalları ilə daha operativ iş, xarici ölkələrə məhsul ixrac etmə qaydaları barədə diqqət yetirilməli vacib qaydalar izah edilib.
Təlimin yekununda iştirakçı fermer qadınlara sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.
Görüşdə iştirak edən Aqrar Tədarük və Təchizat ASC İdarə Heyətinin sədri Leyla Məmmədova arıçı fermer qadınları AFAQ layihəsi və layihənin onlara verəcəyi imkanlar, üstünlüklər barədə məlumatlandırıb.
“Artıq xeyli müddətdir ki, Azərbaycan Arıçılar Assosiasiyası ilə sıx əməkdaşlıq edirik. Ötən ilin sonlarında Assosiasiya ilə birgə təşkil etdiyimiz bal yarmarkasında, eləcə də Kənddən Şəhərə satış mərkəzlərində və yarmarkalarında arıçılıq məhsullarının satışını təşkil etməklə fermerlərimizə dəstək olmağa çalışırıq. Arıçılıqla məşğul olan qadın fermerlər də AFAQ layihəsinə qoşulmaqla öz təsərrüfatlarını genişləndirmək, yeni biznes imkanları əldə etməklə layihənin imkanlarından yararlana biləcək, məhsulların həm daxili, həm də xarici bazarda satışında dəstək göstəriləcək.”
Qeyd edək ki, AFAQ layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən PAŞA Holdinqin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində mütəmadi olaraq kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən qadınlarla görüşlər keçirilir və onlar üçün təlimlər təşkil olunur, onların təsərrüfatlarını genişləndirmək üçün konsultasiya dəstəyi edilir.
Arıçı fermer qadınlarla növbəti görüş isə martın 6-da Şamaxıda təşkil olunacaq.



Xəbərlər  Tarix:   5 Mart 2020 / 13:43


« Əvvəlki xəbər (3805 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR