YAP İcra Katibliyində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mətbuat konfransı keçirib

Martın 5-də Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib.
Əvvəlcə Vüsal Hüseynov ulu öndərin büstü önünə gül dəstəsi qoyub. Daha sonra media nümayəndələrinin qarşısına çıxıb.
2019-cu il və 2020-ci ilin son üç ayı ərzində görülən işlər, əldə olunan nəticələr barədə məlumat verən Xidmət rəisi miqrasiya uçotunun aparılması, müvafiq yaşama və iş icazələri, vətəndaşlıq məsələləri, readmissiya, qaçqın statusunun müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
Statistik rəqəmləri diqqətə çatdıran Vüsal Hüseynov bildirib ki, 2019-2020-ci ildə miqrasiya sahəsi dinamik inkişaf edib və ölkəyə səfər edən əcnəbilərin sayında artım müşahidə olunub. Xidmət rəisi deyib ki, bu ilin 2 ayı ərzində ölkəyə gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb. Belə ki, olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayında 0,4 faiz, müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayında 29 faiz, daimi yaşama icazəsi üzrə 13 faiz, iş icazəsi üzrə 16 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə əlaqədar 23 faiz artım qeydə alınıb. Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb. Həmçinin qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə azalma deməkdir.
Vüsal Hüseynov 2019 və 2018-ci illərin statistik rəqəmlərini müqayisəli şəkildə təhlil edib. Qeyd edib ki, 2019-cu ildə ölkəmizə gələn əcnəbilərin sayında 2018-ci illə müqayisədə 11 faiz, müvəqqəti yaşama icazəsində 10 faiz, iş icazəsi üzrə 8 faiz artım qeydə alınıb. Ötən il olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayı 8 faiz azalıb. Bu da olduğu yer üzrə qeydiyyatın 10 gündən 15 günə kimi artırılması ilə əlaqədardır. Qeydiyyata alınmaqla ölkədə olan və müvafiq sənəd əsasında yaşayan əcnəbilərin sayında isə 12 faiz artım müşahidə olunub.
Xidmət rəisi miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dövlət və özəl sektorla əməkdaşlıq, MigAz tətbiqinin imkanlarının genişləndirilməsi, 919 Çağrı Mərkəzinin fasiləsiz iş rejiminə keçməsi, sosial layihələrin icrası və Miqrasiya könüllülərinin fəaliyyəti ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonda Vüsal Hüseynov jurnalistlərin suallarını cavablandırıb.



Xəbərlər  Tarix:   5 Mart 2020 / 19:39


« Əvvəlki xəbər (3793 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR