Əməkdar artist Adil Zeynalov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.
Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov 2020-ci il mart ayının 12-də ömrünün 60-cı ilində vəfat etmişdir.
Adil Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur.
1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakultəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.
1977-ci ilin sentyabr ayından Lənkəran Dövlət Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor, 2002-ci ilin aprel ayından ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmışdır.
2012-ci ildə milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Teatrda işlədiyi ötən müddət ərzində A.Zeynalov bir sıra yaddaqalan rollar yaratmışdır. Onlardan Müəllim (“Olanlardan-keçənlərdən” Ü.Hacıbəyov), Mahmud (“Piyada Mahmud” M.Kərim), Zahid (“Büllur sarayda” İ.Əfəndiyev), Lal (“Ölülər” C.Məmmədquluzadə), Qara Fedya (“Vicdanın hökmü” H.Mirələmov), Korifey (“Şah Edip” Sofokl), Neron (“Şeytanın oyunları” M.Xubai), Əflatun (“Sovqat” M.Məmmədov), Con (“Şeytan işığı” K.Nəzirli), Molla Həsənağa (“Ay lolo və ya moskvalı gəlin” H.Mirzə) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindən sayılır.
A.Zeynalov rejissor kimi bir sıra əsərlərə quruluş vermişdir. Onlardan Q.Cəmşidinin “Hacı Kərimin aya səyahəti”, Ə.Səmədlinin “Toyda Çelentano oxuyur”, İ.Məlikzadənin “Gəl qohum olaq”, Ə.Nesinin “Üç yeriyən bədbəxtlik”, A.Abdullayevin “İnsan və şeytan”, F.Mustafanın “İlğım”, A.Babayevin “Kaloğlanın sərgüzəştləri”, B.Nuşiçin “Nazirin xanımı”, L.Korsinskinin “Kələkbaz”, Y.Əzimzadənin “Nəsrəddin”, H.Cavidin “Ana”, S.S.Axundovun “Qaraca qız”, Elçinin “Mənim sevimli dəlim”,V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Süleyman və Həmdiyyə Latıpovların “Şah və əks-səda”, “Evlən, oğul, evlən” M.Məmmədovun “Sovqat”, “Əcnəbi kürəkən”, İ.Əfəndiyevin “Qəribə oğlan”, Ş.Başbəyovun “Dəmir qadın”, Ə.Əmirlinin “Köhnə ev”, H.Mirzənin “Ay lolo və ya moskvalı gəlin”, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və s. tamaşalarını göstərmək olar.
A.Zeynalov həmçinin “Qətl günü”, “Durnalar qayıtdı”, “40-cı qapı”, “Susmuş vicdan” və s. filmlərdə müxtəlif xarakterli rollar ifa etmişdir.
A.Zeynalovun oynadığı “Olanlardan-keçənlərdən” (Ü.Hacıbəyov) və “Ölülər” (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının “Qızıl fondu”nda saxlanılır.
Adil Zeynalov Azərbaycan teatr sənətinin görkəmli sənətkarlardan biri idi. Amansız ölüm onu aramızdan apardı.
Zaman keçəcək, lakin yaratdığı rəngarəng obrazlar və quruluş verdiyi tamaşalar gözəl sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.
Adil Zeynalovun əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində qalacaqdır.
Allah rəhmət eləsin!



Xəbərlər  Tarix:   12 Mart 2020 / 19:52


« Əvvəlki xəbər (1344 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45