“Xocalı – bir millətin kədəri” sənədli filminin təqdimatı və nümayişi həyata keçiriləcək

15 avqust, 2020 – ci il tarixdə, saat 21:30-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunmuş “Xocalı – bir millətin kədəri” sənədli filmininin Azərbaycan dili versiyasının Azərbaycan Televiziyasında təqdimatı və nümayişi həyata keçiriləcək.
Bu haqda məlumat verən “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev filmin 3 dildə - azərbaycan, ingilis, rus dillərində istehsal olunduğunu, 2020 – ci ilin sonunda isə daha 2 dildə türk və fransız dillərində yaradılacağını bildirdi. “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi 1988 - 1993 – cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, işğal prosesi zamanı 1992- ci ilin 26 - fevral tarixində Ermənistan ordusunun Qarabağın Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırım aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətlərinin və erməni yalanlarının ifşa olunması haqqındadır. Xocalı soyqırımı haqqında həqiqətlərin və obyektiv məlumatların dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir.
“Xocalı – bir millətin kədəri” sənədli filminin ssenarisi Birləşmiş Krallıqdan olan, uzun illər Azərbaycanda yaşayıb - yaratmış müstəqil jurnalist İan Piert tərəfindən şəxsi müşahidələr və araşdırmalar nəticəsində yazılmışdır.
Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən biri Xocalı soyqırımına təkcə 25 - 26 fevral 1992 – ci ildə baş vermiş faciə fonunda baxmamaq, soyqırıma qədərki tarixi dövrlərdə Azərbaycanda, Qarabağda və Xocalıda baş verən proseslərin təhlili, Xocalının qədim və yaxın keçmişdəki tarixinin tamaşaçıya təqdim olunması, Xocalıda keçmişdə ermənilər tərəfindən törədilən qırğınlar haqqında məlumatların verilməsi, niyə məhz Xocalının ermənilər tərəfindən hədəf alınması kimi sualların cavablandırılmasıdır.
Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən digəri isə Xocalıdan yeni orjinal video materialların filmin istehsalında istifadə olunmasıdır. Bu baxımdan “Xocalı – bir millətin kədəri” filmi Azərbaycanda Xocalının bütün tarixi dövrlərini və 26 fevral 1992- ci il soyqırımını orjinal çəkiliş materialları, video- arxiv materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi, tarixi sənədli filmdir.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, ssenari müəllifi Birləşmiş Krallıqdan olan araşdırmaçı jurnalist İan Piert, məsləhətçiləri millət vəkili Elman Məmmədov, tarix üzrə fəlsəfə doktoru Nazm Mustafa, tarixçi – alim Ramin Əlizadə və Natıq Alışov, qurluşçu rejissoru Teymur Nəcəfzadə, operatorları Pərviz Əliyev və Cahid Əliyevdir. Filmi Azərbaycan dilində Elşən Rüstəmov səsləndirmişdir.
“Xocalı – bir millətin kədəri” sənədli filmi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə istehsal olunmuşdur.

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 - ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2013 – cü ildə yaradılmış, 31. 10. 2017 – ci il tarixdə dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi adlandırılmışdır. İctimai birliyin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir. Mərkəz bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədəir.



Xəbərlər  Tarix:   12 Avq 2020 / 22:28


« Əvvəlki xəbər (3482 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR