Qubadlıda aqrar, tikinti, emal və hasilat sektorları inkişaf etdiriləcək

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Qubadlı rayonu Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. Qeyd edilən iqtisadi rayon digər iqtisadi rayonlarla müqayisədə mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir. Adətən, dağlıq relyefə malik mineral resursların istifadə olunduğu coğrafiyalarda turizm sektorunun potensialı daha az nəzərə çarpır. Buna baxmayaraq Kəlbəcər-Laçın iqtisadi rayonu mədən yataqları və turizm potensialı ilə unikal ahəngdarlığa malikdir. Qubadlı rayonu da adıçəkilən xüsusiyyətləri özündə cəmləşdirməyi bacarır. Kəlbəcər və Zəngilan rayonu kimi Qubadlı rayonu da bu zonada təbii yataqları ilə fərqlənir.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadənin Qubadlı rayonunun iqtisadi perspektivləri ilə bağlı hazırladığı şərhdə bildirilir.
Açıqlamada həmçinin deyilir ki, Qubadlı rayonunda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qeyd edilən ehtiyatların hər biri Kəlbəcər-Laçın iqtisadi rayonunu digər iqtisadi rayonlardan fərqləndirən əsas cəhətlərdəndir. Qubadlı rayonunun ərazisində ehtiyatları 6 mln 247 min m3 mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tufu, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) daşı xüsusi vurğulanmalıdır. Qeyd etmək lazımdır ki, rayon ərazisində yerləşən əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur. Xüsusilə, bu yataqdan kimya sənayesi və bəzək sahəsində istifadə edilə bilər.Sovet dönəmində Qubadlı iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olmuşdur. Qubadlı düyüsü o dövrdə respublikada məşhur idi.
Nəticə etibarı ilə, Kəlbəcər-Laçın iqtisadi rayonunda yerləşən Zəngilan və Qubadlının işğaldan azad olunmasından sonra iqtisadi rayonun 50 faiz hissəsi Azərbaycan dövlətinin nəzarətinə keçmişdir. Digər rayonlardan bir sıra iqtisadi üstünlükləri ilə seçilən bu zona Azərbaycanın iqtisadi və inklüziv inkişafında da ciddi rol oynayacaq.



Xəbərlər  Tarix:   26 Okt 2020 / 11:13


« Əvvəlki xəbər (3267 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR