Bakıda beynəlxalq müasir incəsənət festivalı keçiriləcək

Bakıda “Qız Qalası. Qadın olmaq – Qadınlar sülh uğrunda” (MAIDEN TOWER. To Be a Woman) adlı beynəlxalq müasir incəsənət festivalı keçiriləcək.
“Report" xəbər verir ki, noyabrın 16-24-də onlayn formatda keçiriləcək festival Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən Avropa İttifaqı (Aİ) nümayəndəliyi ilə birlikdə təşkil ediləcək.
Builki festival qadınların sülhə kömək edən qərar qəbuletmə proseslərində bərabər iştirakını vurğulayan Qadınlar, Sülh və Təhlükəsizliyə dair BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə həsr ediləcək.
Festivalın əsas mövzusu “Qadınlar Sülh uğrunda”dır. Festival beynəlxalq ekspertləri bir araya gətirəcək və onlara COVID-19 pandemiyası dövründə məişət zorakılığının qarşının alınması üzrə təcrübələrini bölüşməyə, eləcə də müasir incəsənət prizmasından pandemiyanın və hərbi münaqişələrin qadınların həyatına təsiri barədə düşünməyə şərait yaradacaq.
Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, konsertlər, konfranslar, təqdimatlar və film nümayişləri daxildir.
Qeyd edək ki, “Qız Qalası. Qadın olmaq – Qadınlar sülh uğrunda” beynəlxalq müasir incəsənət festivalına ilk dəfə 2009-cu ildə Bakıda Əməkdar İncəsənət Xadimi Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilib.
Festivalın iştirakçıları Azərbaycan və Latviyadan, eləcə də, Avstriya, Belçika, Çexiya, Estoniya, Almaniya, Macarıstan, Norveç, Rumıniya, Slovakiya və İsveçdən olan film direktorları, muzey mütəxəssisləri, ədiblər, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.



Xəbərlər  Tarix:   13 Noy 2020 / 12:07


« Əvvəlki xəbər (3120 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR