Əvəz olunmaz insan

Əvəzolunmaz insan. ( Əjdər Həmidovun əziz xatirəsinə).
Azərbaycan Respublikasının xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əjdər Həmidov uzun sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişmişdir. Biz təkcə Əjdər Həmidovu deyil Qasımı itirdik. Filmin əvvəlində Qasım gəldi deyilirdi. İndi isə Qasım vaxtsız aramızdan getdi. Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953 – cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olmuşdur. 1979 – cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram teatrına göndərilən Ə. Həmidov bu teatrın səhnəsində müxtəlif obrazlar oynamışdır. Ə.Həmidov 1990 -cı ildə Akademik Milli Dram Teatrının aktyoru heyətinə qəbul edilmişdir. Aktyor “Azərbaycanfilm” in istehsal etdiyi bir sıra filmlərdə uğurlar obrazlar yaratmışdır. “ Kişi sözü”ndə Qasım, “ Lətifə” də Əhməd, “ Hacı Qara” da Kərəməli. Əlbəttə ki, Əjdər Həmidovun yaratdığı obrazlardan ağız dolusu danışmaq olar. Amma istərdim ki, Əjdər müəllimin insanlığından sizlərə danışım. Bu gün təkcə incəsənətimizə ağır itki baş vermədi. Biz bu gün təkcə aktyor Əjdər Həmidovu deyil həmdə Əjdər əmimizi itirdik.
Əslində Əjdər əmi haqqında bu məqaləni yazmağa əlim gəlmir. Sağ ikən yazmaq asanddır amma bir insanın ölümü haqda yazmaq və danışmaq çox çətindir. Bu insan Əjdər Həmidovdursa o zaman daha da çətindir. Mənim Əjdər Həmidovla tanışlığım əvvəl teatrdan sonra isə onunla birlikdə çəkildiyim layihələrdən başlayırdı. Heç yaddımdan çıxmaz rejissor dostum Pəyyam Ağa “İki fərqli sahil adlı serial” ın promosunu çəkirdi. Baş rolda Əjdər müəllim idi oğlunu isə mən oynayırdım. Çəkiliş Mərdəkanda olmalı idi. Əjdər əmi axşam mənə yığıb dediki: Ay bala səhər necə gedəcəksən?. Səhər gəl biz tərəfə mənim səni özüm aparacam dedi. Əlbəttə ki bu mənim üçün böyük bir şərəf idi. Səhər mən Əjdər müəllimlə çəkilişə getdim. Əjdər əmi o qədər səmimi insan idi ki, onunla söhbət etməkdən adam yorulmurdu. Çəkiliş bitdi. Əmi məni geri qaytardı. O gündən mənim Əjdər müəllimlə dostluğum başladı. Əslində onunla bağlı xatirələrim çoxdur. Mən Əjdər müəllim haqqında ağızdolusu danışaram. Amma mən istəyirəm ki, sənətkarın insanlığı haqqında danışım. Əjdər müəllim daima gənclərə heç bir təmanna güdmədən kömək edib. Onların işlərində fəal iştrak edib. Əjdər əmiylə mən 2 serial və 1 reklam, 2 qısametrajlı filmə çəkilmişəm. Filmlərin birində atamı, digərində isə əmimi oynayırdı. Heç yadımdan çıxmaz qısametrajlı filmdə atamı oynayırdı. Rejissor hər ikimizi məşq etməyə göndərdi. Biz məşq edə edə əmi mənə təmkinlə obrazı anladır həmdə bəzi xatirələrindən danışıb məni güldürməyə çalışırdı. Onu tanıyanlar ona Mələk deyirdi. Bəli o həqiqətəndə mələk idi. Hər kəsə həm maddi həmdə mənəvi dəstək olurdu. Özüdə bu işi elə edirdi ki, heç kim bilmirdi. Sənətkar kimi çox gözəl aktyor idi. Amma insan kimi möhtəşəm insan idi Əjdər Həmidov. Pandemiya başlayan zaman mənə zəng vurmuşdu. Ay bala necəsən? Niyə səsin sorağın gəlmir. Əmini niyə unutmusan. İmkan olanda gəl bizə oturub söhbət edək . Mən nə zaman onun evinə gedirdimsə Əjdər əmi məni sevgiylə, sevinərək qarşılayırdı. Hər dəfə mənə öyüd nəsihət verirdi. O, təkcə mənə deyil dostlarınıda öyüd nəsihət verib onların problemlərini həll edirdi. Müəllim sözünü heç bir zaman sevmirdi. Deyirdi ki, mənə müəllim deməyin. Sonuncu dəfə onunla rejissor Yaqub Kərimlinin serialına çəkilirdik. Əjdər əmi o serialda təkcə aktyor, ağsaqqal yox həmdə o serialın layihə rəhbəri idi. Heyyəti bir gün görüşə öz evinə yığmışdı. Mən hər kəsdən qabağ getmişdim. Əjdər əmi bizə aid olan masanı öz əlləriylə elə səliqəli düzəldirdi ki, adam onu kənarda seyr edən zaman zövq alırdı. Hərdən mahnı oxuyurdu, hərdən də arxaya çönüb zarafatca aaaa çoxdan gəlmisən deyirdi. Həmin günü masanın üzərində hər şey var idi. Mən ona dedim ki, ay əmi bu qədər şeyi kim yeyəcək nə var düzmüsən. Dedi ki, hamı mənim evimə qonaq gəlir gərək burdan razı getsinlər. Bax Əjdər əmi belə insan idi ürəyi təmiz, qonaqpərvər və səmimi. İnsandan heçnəyini əsirgəmirdi. 28 sentyabr ad günü olmalı idi mənə zəng vurub dediki ad günü keçirməyəcəm serialdakı uşaqlara de gəlməsinlər müharibə bitər yığışarıq. Orda balalarım qırılır mən burda özümə ad günü edim. Hətta serialımızın çəkilişlərinidə bir müddət dayandırdı. Kollektivi yığıb dedi ki, uşaqlar müharibə gedən vaxtı mən serial çəkə bilmərəm. O, vətənpərvər insan idi. Torpağlarımızın işğaldan azad olunmasını xəbərini eşidəndə uşaq kimi sevinirdi. Şəhidlərimizə aid video rolik çəkilirdi. Həmin günü cənab Ali baş komandan çıxış edirdi. Əjdər əmi çəkiliş dayandırdı Şuşanın işğaldan azad olma xəbərini eşitdi o boyda insan uşaq kimi ağlamağa başladı. Həmin gün sevincindən hər kəsi qucaqlayırdı. Əjdər həmidov belə bir insan idi. Son vaxtlar xəstə idi onunla telefonla danışırdım deyirdim ki, sağal tezliklə ayağa qalx işlərimizi davam etdirək. Dedi ki, işlər yoluna düşər sağalım sənin üçün gedib qız istəyəcəm toyunuda özüm edəcəm. Toyunda da tamada özüm olacam.
İndi mən heçnə istəmirəm sadəcə səni sağ olub yaşamağını evinin qapısını gülərək üzümüzə açmağını istəyirəm. Sənin haqqında öldü, rəhmətə getdi, yoxdur sözlərini nə demək nədə yazmaq istəyirəm. Nə qədər sağam səni səmimi insan, dərd ortağı, gözəl sənətkar və ən sonda hamımızın Əjdər əmisi kimi xatırlamaq istəyirəm. Bəli biz bu gün səni itirdik. Amma sən bizim xatirələrimizdə daima yaşıyacaqsan. Biz səni unutmayacağıq. Bəlkə də sənin kimi gözəl insandan bu dünyaya bir daha gəlməyəcək. Amma yerin həm teatrımızın səhnəsində həmdə kinolarımızda görünəcək. Bəlkə də bu dəfə çəkilişdə rejissor matoru verməzdən əvvəl bizlərə ürək dirək verəndə olmayacaq. Hər şey yaxşıdır uşaqlar deyəndə olmayacaq. Bəlkə də məşqlər zamanı üzümüzü güldürən bir Əjdər əmimizdə olmayacaq. Amma nə qədərki, teatr və kino var sən yaratdığın obrazlarla yaddaşlarda qalacaqsan. Əvəzolunmaz insan Allah sənə rəhmət eləsin ......
Ənvər Məmmədov .



Xəbərlər  Tarix:   25 Noy 2020 / 13:15


« Əvvəlki xəbər (691 / 4964) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR