DGK sədri: "Qələbəmiz beynəlxalq ticarətin inkişafına töhfə sayılmalıdır"

Noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.
S.Mehdiyev İtaliya ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb və bildirib ki, digər sahələrdə olduğu kimi gömrük sahəsində də qarşılıqlı səmərəli əməkdaşlıq inkişaf etməkdədir.
DGK sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-həmlə tədbirlərindən danışıb, 30 ilə yaxındır işğal altında olan ərazilərimizin azad edilməsinin regionda sülhün və sabitliyin bərpa olunmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Bugünkü görüşün xoş bir günə, Kəlbəcər rayonunun işğaldan azad edilməsi gününə təsadüf etdiyini bildirən DGK sədri qeyd edib ki, Azərbaycan əsgərinin rəşadəti, əzmi sayəsində əldə edilən qələbə regionun iqtisadi baxımdan tərəqqisinə müsbət təsir göstərəcək, yeni kommunikasiya və nəqliyyat xətlərinin qurulmasına şərait yaradacaq, bu da beynəlxalq ticarətin inkişafına verilən töhfə kimi dəyərləndirilməlidir. S.Mehdiyev İtaliya Respublikasının Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı üçün bundan sonra da zəruri addımların atılacağını, gömrük orqanlarının da bu sahədə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib. Komitə sədri iki ölkənin gömrük orqanlarının birgə həyata keçirdiyi layihələrdən və onların gələcək perspektivlərindən bəhs edib.
İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari Kəlbəcər rayonunun işğaldan azad olunması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, bölgədə sülhün bərqərar olmasından sevinc hissi duyduğunu bildirərək bu münasibətlə təbriklərini çatdırıb. Səfir ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri ilə birlikdə Gəncə, Bərdə, Tərtər və Füzuliyə səfərlərindən danışıb, gördüyü mənzərədən, törədilən dağıntılardan təsirləndiyini bildirib. Səfir iki ölkə arasında müxtəlif sahələrdəki səmərəli və işgüzar münasibətlərin gömrük orqanları tərəfindən də uğurla davam etdiriləcəyini qeyd edib, qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərlər  Tarix:   25 Noy 2020 / 16:00


« Əvvəlki xəbər (1040 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR