Bütün şəhidlərin qisasını almağa söz verən qazimiz DANIŞDI

Hələ general-mayor Polad Həşimov rəhmətə gedəndə mən özümə söz vermişdim ki, bütün şəhidlərimizin qisasını alacağam.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, bunu II Qarabağ müharibəsinin qazisi Vüsal Şahbazov deyib.
Onun sözlərinə görə, Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərə sevinərək gediblər:
"Komandirim deyəndə ki, Şuşaya döyüşməyə gedirsiz, hamımız sevindik. Gecə dumanda komandirimizlə birlikdə hərəkət etməyə başladıq. Əvvəlcə Şuşanın ətrafındakı kəndləri almağa başladıq. İki kəndi aldıq, gecə 3-cü kəndə daxil olduq. Orada düşmənin dərin bir səngəri var idi. Biz həmin səngəri onlardan səssiz, əlbəyaxa döyüşlə aldıq. Onların orada təminatları yaxşı idi, amma inanmırdılar ki, biz Şuşaya girə bilərik, ona görə də çox rahat idilər. Həmin səngərdə 3 gün qaldıq və orada gecə-gündüz müşahidə aparırdıq. Bu səngərə 3-4 gündən bir silah, ərzaq gətirirdilər. 3 gündən sonra gördük ki, səngərə tərəf maşınlar gəlir. Görəndə ki, onlara yaxınlaşan yoxdur, şübhələndilər. Biz onları mühasirəyə aldıq, atışma başladı".
Həmin döyüşlərdə ermənilərin 3 polkovnikini əsir götürdüklərini deyən V.Şahbazov daha sonra Şuşa şəhərinin erməni işğalından azad olunması üçün döyüşdüyünü söyləyib.
O, elə Şuşa şəhəri uğrunda aparılan döyüşlər zamanı ermənilərin minaatandan atdığı mərmi nəticəsində yaralanıb:
"Döyüşə-döyüşə irəliləyib Şuşa şəhərinə çatmışdıq. Şuşa şəhərində güclü döyüş gedirdi. Onların atmağa artq heç nəyi qalmamışdı, məğlubiyyətlərini başa düşürdülər, qaçan qaçırdı, qaçmayan bizə atəş açırdı. Bizim bir qrupumuz ermənilər tərəfindən pusquya düşmüşdülər. Onları xilas etmək üçün 7 nəfərlə birlikdə oraya getdik. Onların yanına çatanda yanımıza minaatan mərmisi düşdü. Beş nəfər şəhid oldu, biri mən olmaqla, ikimiz ağır yaralandıq. Erməninin davamlı atəş açdığını gördükdə özümü orada olan bir yüksəklikdən aşağı atdım. Silahımı da götürdüm ki, düşmən məni əsir götürmək istəsə, özümü öldürüm, əsir düşməyim".



Xəbərlər  Tarix:   11 Dek 2020 / 13:38


« Əvvəlki xəbər (971 / 5333) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR