İnam Kərimov: “Ötən il havanın quraq olması taxılçılığa təsirsiz ötüşməyib”

Kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam edib və bu sahə üzrə 2 % artım, bitkiçilikdə 1 % və heyvandarlıq üzrə 2,9 % artım olub.
“Report”un məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib: “2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub. Ancaq ötən il havanın quraqlıq keçməsi taxılçılığa təsirsiz ötməyib, 100 hektardan çox sahədə çıxış alınmayıb. Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib”.
Nazir qeyd edib ki, suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb: “Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb. Digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib. Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən bu il 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib”.



Xəbərlər  Tarix:   7 Yan 2021 / 12:30


« Əvvəlki xəbər (452 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45