Ülvi Quliyev: “Şuşa yenidən Azərbaycan mədəniyyətinin beşiyinə çevriləcək”

“2021-ci il yalnız işğaldan azad olunan ərazilərimizin bərpası və yenidənqurulması prosesinin başlaması ilə yadda qalmayacaq, eyni zamanda möhtəşəm mədəniyyət tədbirlərinin şahidi olacağıq. Çünki bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bundan başqa, nəyinki Azərbaycanın, bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa 28 ildən sonra Ermənistanın işğalından azad olunub, doğma yurduna qovuşub. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. 30 ildən sonra bu qədim şəhərimizdə mədəni tədbirlərin keçirilməsi üçün hazırlıqlar başlayıb”.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
O vurğulayıb ki, 2021-ci il “Nizami Gəncəvi İli” elan olunması dövlətin Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayırdığı yüksək diqqətin göstəricisidir: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Bu il Nizaminin 880 illik yubileyi qeyd ediləcək. Dahi şairin yubiley tədbirləri həm Azərbaycanda, həm də xarici ölkələrdə keçiriləcək. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr veriblər.
Ümumiyyətlə, Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhfəsini vermiş nadir ölkələrdəndir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir”.
Ü.Quliyev qeyd edib ki, bu il üçün ən mühüm mədəni tədbirlər işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək: "Şuşa tarixdə olduğu kimi, yenə də bütün regionun mədəni paytaxtına çevriləcək. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcək. Şuşanın mədəni həyatı qısa müddət ərzində bərpa olunacaq. Bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalları keçiriləcək. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevriləcək. İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılacaq. Görülən işlər nəticəsində həmin ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunacaq”.
Deputat bildirib ki, azərbaycanlılar Şuşaya səfər etməyi, orada keçiriləcək mədəni tədbirlərə qatılmağı səbirsizliklə gözləyirlər: “Bu şəhər Azərbaycanın incisi, mədəniyyətimizin beşiyidir. Azərbaycan mədəniyyətinin, incəsənətinin, xüsusən də muğam sənətinin inkişafında Şuşanın rolu danılmazdır. Bədnam qonşularımızın işğalı nəticəsində son 28 ildə Azərbaycan mədəniyyətində bir Şuşa boşluğu yaranmışdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin liderliyi, uğurlu siyasəti və dəmir yumruğu sayəsində bu boşluğu doldura bildik. Tariximizə qızıl hərflərlə yazılan bu yeni dövr Azərbaycan mədəniyyətinin inkişafında da müstəsna rol oynayacaq”.
O, hesab edir ki, Azərbaycanda bütün dövrlərdə mədəniyyətin inkişafına böyük önəm verilib. Ü.Quliyev xatırladıb ki, koronavirus pandemiyasından əvvəl hər il Bakıda və ölkəmizin digər bölgələrində böyük mədəni tədbirlər keçirilib: “Pandemiyaya görə ötən il belə tədbirləri geniş formada keçirmək mümkün olmadı. Ümid edirəm ki, bu il koronavirusun yayılması səngiyəcək və ölkəmiz yenidən böyük tədbirlərə ev sahibliyi edəcək”.
Deputat vurğulayıb ki, Azərbaycanda mədəniyyət sahəsində yeni proritetlər müəyyənləşdirilib və bunun həyata keçirilməsi ölkəmizin mədəni sahəsini daha da inkişaf etdirəcək, dünya mədəniyyətinə inteqrasiyasını sürətləndirəcək.



Xəbərlər  Tarix:   8 Yan 2021 / 17:03


« Əvvəlki xəbər (2811 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR