Baş İdarə məşqçinin ittihamlarına cavab verdi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi üzgüçülük üzrə məşqçi Yana Xasyanovanın ittihamlarına münasibət bildirib.
Baş İdarənin rəisi Raqif Abbasov "Report"a açıqlamasında Xasyanova tərəfindən quruma heç bir müraciətin edilmədiyini söyləyib.
Onun sözlərinə görə, məşqçinin bu cür açıqlama verməsi düzgün deyil: "Biz Yana Xasyanovanın açıqlaması ilə tanış olduq. Onun özü ilə danışmışıq. Nə Baş İdarənin elektron ünvanına, nə də poçt vasitəsilə bizə rəsmi müraciət daxil olub. Hörmətli məşqçimizdən xahiş edirik ki, bu məsələdə diqqətli olsun. Çünki bunun üçün gərək həmin müraciəti bizə göstərə bilsin. Biz hər hansı müraciətə 3 iş günü ərzində cavab veririk".
R.Abbasov bildirib ki, 2020-ci ildə üzgüçülük üzrə 4 yarış planlaşdırılsa da, onlardan yalnız biri baş tutub: "Ötən il 14 - 17 fevralda Abşeron Olimpiya İdman Kompleksində 8 - 12 yaş qrupu üzrə "Qızıl balıq" Bakı şəhər birincliyi keçirilib. Daha sonra Nazirlər Kabinetinin martın 7-də müvafiq tapşırığı əsasında pandemiya ilə bağlı qapalı idman qurğularında tədbirlərin keçirilməsinə qadağa qoyulub. Ona görə də mart, may və noyabrda nəzərdə tutulan digər 3 yarışımız - "Şən delfin" Bakı şəhər yaz birinciliyi, şəhər çempionatı və "Şən delfin" payız birinciliyi keçirilməyib. Bunu ona görə deyirəm ki, biz məhz bu yaş qrupuna aid uşaqlar üçün üzgüçülük yarışlarını hər il təşkil edən qurumuq. Pandemiya bitəndən, rəsmi icazə veriləndən sonra bu yarışlar mütləq bərpa olunacaq. Biz bunları açıq turnirlər şəklində keçiririk ki, digər şəhər və rayonlarımızdan da üzgüçülər iştirak edə bilsin".
Qeyd edək ki, Yana Xasyanova "Report"a açıqlamasında ölkədə üzgüçülük üzrə məşqlərin, yarışların keçirimədiyini, məşqçilərin çətin vəziyyətdə olduğunu bildirib. O, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər və İdman Nazirliyinə müraciət etdiyini, lakin heç bir cavab ala bilmədiyini söyləyib.



Xəbərlər  Tarix:   8 Yan 2021 / 18:06


« Əvvəlki xəbər (823 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR