XOCALI SOYQURUMUNU UNUTMAYAQ

Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında – indiki Ermənistanda, Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı yeddi rayonda yaşayan azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilmişdilər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.
SSRİ-nin süqutundan dərhal sonra isə yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdəbiri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Bu təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi. Bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.
Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyevin 21 sentyabr 2020-ci il tarixli sərəncamı ilə səfərbərlik elan edildi 44günlük Vətən uğrunda mübarizəmiz başladı. 44 günlük müharibədə üç mindən çox Şəhid versək də 8 noyabr 2020-ci il tarixində Qələbəmizi çaldıq. Ama hələ də Xocalıda erməni vandalları yaşamaqdadır. Xocalı tam bizim olanda bəlkə də tədricən Xocalı yaramız azda olsa qaysaq bağlayacaq onda başımızı dik tutaraq İtirdiyimiz soydaşlarımızı viran edilmiş Xocalımızı bərpa etməklə yaşadacayıq. Allah Şəhidlərimizə rəhmət eləsin Vətən sağ olsun! Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri və Ugurmedia.az-ın İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Xəbərlər  Tarix:   26 Fev 2021 / 16:20


« Əvvəlki xəbər (629 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR