Azərbaycanda kartla aparılan nağdsız əməliyyatlar tarixi maksimuma çatıb

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli, 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən dövlət qurumları və bank sektoru ilə birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin artırılması, əhalinin maliyyə savadlılığının yüksəldilməsi, habelə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ölkə miqyaslı layihələr reallaşdırılıb və bu proses davam edir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, görülən işlər nəticəsində ölkə üzrə nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunmuş, 2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi (95,7 mlrd manat), eyni zamanda ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi (6,4 mlrd manat) tarixi maksimuma çatıb.
Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin inkişafı istiqamətində müsbət trendin qorunması, ödəniş bazarına innovativ xidmətlər təklif edən FinTexlərin cəlb edilməsi, yaşayış yerindən asılı olmayaraq ölkəmizin istənilən ərazisində əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması, habelə rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə növbəti strateji dövrün mühüm prioritet istiqamətləri müəyyən edilib.
Ölkədə müasir ödəniş ekosisteminin formalaşdırılması və innovasiyaların inkişafının təşviqi ilə yanaşı, sözügedən istiqamətlər üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi də daima diqqət mərkəzində saxlanılır. Mərkəzi Bank tərəfindən ödəniş təşkilatları, elektron pul təşkilatları kimi digər bank olmayan ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinə müasir çağırışlara müvafiq olaraq açıq bankçılığın (Open Banking) hüquqi aspektləri və FinTexlərə yeni məhsul və xidmətləri təklif etməyə imkan verən tənzimləyici test rejiminin (Sandbox) tətbiqi üzrə müddəalar daxil edilmişdir. Qanun layihəsi ödəniş bazarında innovasiya və səmərəliliyi dəstəkləməklə yanaşı, ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar şəraiti yaratmaqla yüksək rəqabətliliyin formalaşmasına imkan verəcəkdir. Hazırda Qanun layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün bank sektoru və aidiyyəti dövlət qurumları ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirməkdədir.



Xəbərlər  Tarix:   18 Mart 2021 / 12:18


« Əvvəlki xəbər (190 / 4930) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR