MM Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasını müzakirəyə çıxarır - MÜSAHİBƏ

- Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planına “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi” daxil edilib. Sənəd üzərində işlər yekunlaşıbmı və nə vaxt müzakirəyə çıxarılması gözlənilir?
- Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planında nəzərdə tutulan ən mühüm layihələrdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsidir. Hazırda bu layihə üzərində tamamlama işləri aparılır. Ümidvaram ki, layihə yaxın zamanlarda müzakirəyə təqdim olunacaq. Heç şübhəsiz qeyd etmək olar ki, ümumiyyətlə cinayət hüququnun inkişafı tarixində (milli qanunvericilik nəzərdə tutulur - “Report”) bu layihə xüsusi yer tutur.
- Layihənin hazırlanmasında zərurət nədən irəli gəlir və orada hansı müddəalar yer alıb?
- Layihənin qəbul olunmasında əsas zərurət Azərbaycan Respublikasının Cinayət qanunvericiliyində beynəlxalq cinayət hüququnda nəzərdə tutulmuş beynəlxalq cinayət hüququnun uzunmüddətli inkişafını ehtiva edən normaların əks etdirilməsidir. Məsələ burasındadır ki, Azərbaycan Respublikası beynəlxalq cinayətlarlıqla mübarizədə yaxından iştirak edir və ölkə qanunvericiliyində beynəlxalq cinayət hüququnda nəzərdə tutulmuş yanaşmalar, prinsiplər, normalar əhatəli şəkildə əks olunmalıdır. Layihədə beynəlxalq cinayət hüququ normaları nəzərə alınmaqla, beynəlxalq humanitar hüququn norma və prinsipləri nəzərə alınmaqla, müasir hərbi münaqişələrdə nəzərdə tutulan adət və qanunların pozulması ilə bağlı müəyyən edilən standartlar əhatəli şəkildə nəzərə alınır. Məsələn, bu istiqamətdə bir neçə nümunəyə müraciət etmək kifayətdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1948-ci ilin dekabrında qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında “ Konvensiyanın iştirakçısıdır və bu mühüm beynəlxalq Konvensiyadan irəli gələn öhdəlikləri öz qanunvericiliyində implementasiya edib. Ancaq nəzərə almaq lazımdır ki, bu cür cinayətlər beynəlxalq cinayət hüququna görə həm sülh, həm də müharibə dövründə törədilə bilər. Bu istiqamətdə Azərbaycan Respublikasının qanunvericiliyində, cinayət qanunvericiliyində bu məqam xüsusi olaraq nəzərə alınacaq. Digər bir mühüm məsələ isə insanlıq əleyhinə cinayətlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, insanlıq əleyhinə cinayətlərlə bağlı beynəlxaq müstəvidə xüsusi bir konvensiya hələ ki, mövcud deyil. Ancaq nəzərə almaq lazımdır ki, 2013-cü ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Hüquq Komissiyası çərçivəsində artıq bu işlərə start verilib. Yəni, ayrıca bir “İnsanlıq əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” xüsusi bir Konvensiyanın qəbul olunması nəzərdə tutulub. Artıq bir sıra maddələr və ilkin layihə müzakirələrdən keçib. Şübhəsiz ki, Azərbaycan Respublikası da belə bir konvensiya qəbul olunandan sonra onun iştirakçısı olacaq. Ancaq bu konvensiya üzərində hansı işlər gedir, hansı yeni maddələr və müddəalar əlavə edilir artıq bunlar diqqətlə araşdırılır. Şübhəsiz ki, bu konvensiyada olan yanaşmalarda bizim təqdim edəcəyimiz layihədə öz əksini tapacaq.
Digər məsələ də müharibə cinayətlərilə bağlıdır. Nəzərə almaq lazımdır ki, son dövrlərdə beynəlxalq cinayət hüququnun xüsusi bir kateqoriyası olan müharibə cinayətlərində də müəyyən inkişaf müşahidə edilir. Ayrı-ayrı silahların tətbiq edilməsilə bağlı yeni normalar müəyyən edilir. Bu normalar Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) statusunda, yəni Nizamnaməsində də öz əksini tapıb. Həmin məhkəmə orqanı 1998-ci ildə Roma şəhərində keçirilən Diplomatik Konfransda formalaşıb. Onun nizamnaməsi isə 1 iyul 2002-ci ildən qüvvəyə minib. Biz nəzərə alırıq ki, Azərbaycan Respublikası bu məhkəmə orqanının iştirakçısı deyil. Ancaq burada nəzərə almaq lazımdır ki, BCM-nin nizamnaməsində nəzərdə tutulan müddəalar II Dünya Müharibəsindən sonra beynəlxalq cinayət hüququnun məntiqi nəticəsidir. Ona görə bu normalara və prinsiplərə müraciət etmək zəruridir. Biz 44 günlük müharibənin gedişində canlı şahidik ki, Ermənistan istər münaqişə zonasında, istər münaqişə zonasından çox-çox uzaqlarda olan Gəncə, Bərdə, Xızı, Tərtər, Abşeron rayonunda və digər yaşayış məntəqələrimizdə müharibə adətlərini və qanunlarını, beynəlxalq hüquq normalarını pozub, qadağan olunmuş silahları tətbiq edib. Bu cür əməllərin beynəlxalq hüquqi standartlar da nəzərə alınmaqla ciddi şəkildə cəzalandırılması böyük əhəmiyyət kəsb edir.
Bu layihə nəinki beynəlxalq hüquqda nəzərdə tutulan norma və prinsipləri nəzərə alacaq, hətta digər tərəfdən isə özü beynəlxalq hüquqa töhvə verəcək. Məsələn, işğalçı dövlət tərəfindən öz əhalisinin işğal olunmuş ərazilərdə məskunlaşdırılması beynəlxalq cinayətdir, müharibə cinayətidir. Ancaq bizim layihədə nəinki işğalçı dövlətin öz əhalisinin bu əraziyə digər şəxslərin də yerləşdirilməsi, onların məskunlaşdırılması cinayət kimi tövsif ediləcək. Burada nəzərdə tutulur ki, ermənilər uzun müddət xaricdən gətirilən şəxsləri artıq işğaldan azad olunmuş ərazilərdə yerləşdirirdi. Bu əməllərin də cinayət kimi tanınması, tövsif edilməsi hazırladığımız layihədə nəzərdə tutulur.
Şübhəsiz ki, belə bir mühüm layihənin qəbul edilməsi işğalçı Ermənistan tərəfindən yol verilən müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırımı cinayətinin təqibində Azərbaycan Respublikası üçün yeni hüquqi imkanlar açacaq. Bir daha nümayiş etdirəcək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Beynəlxalq Cinayət Məcəlləsinin inkişafının gedişində özünə təşəkkül tapmış norma və prinsiplərə uyğundur.
- Layihənin hazırlanmasında hansı ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunub?
- Layihədə bir tərəfdən beynəlxalq hüquq normaları, beynəlxalq cinayət hüququnda təşəkkül tapmış norma və prinsipləri, beynəlxalq humanitar hüququn inkişafında özünə yer tapmış norma və prinsipləri, xüsusilə də beynəlxalq hüququn pozuntularını ehtiva edən və müharibə cinayətləri kimi tövsif edən əməllər nəzərə alınıb. Digər tərəfdən isə bir çox ölkələrin qanunvericiliyi də nəzərdən keçirilib. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) statusunu ratifikasiya edən dövlətlər öz daxili qanunvericiliyində implementasiya ilə bağlı zəruri addımlar atıb. Komporativ təcrübə də bizim üçün çox maraqlı oldu. Bir çox ölkələrin, Avropa ölkələrinin təcrübəsi nəzərdən keçirilib, analiz edilib və onlarda mövcud olan müsbət məqamlar layihəyə daxil edilib.



Xəbərlər  Tarix:   31 Mart 2021 / 14:27


« Əvvəlki xəbər (167 / 4947) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR