Sədr: “Ermənistan adekvat addımlar atmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır”

“Ermənistan tərəfdən adekvat addımlar atılmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır. Bundan əlavə, Ermənistan minalanmış ərazilərinin xəritələrini verməkdən imtina edəcəyi təqdirdə bu ölkəni dəymiş maddi ziyan və minaların yerləşdirilməsi ilə bağlı məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qarabağdakı minalanmış ərazilər məsələsini şərh edərkən söyləyib.
“Bu məsələ 10 noyabr bəyanatında öz əksini tapmasa da, mina kirlənməsi son dərəcə vacib məsələdir və eyni zamanda bu problem regionda kommunikasiyaların açılmasına mane törədir. Kommunikasiya məsələsi isə 10 noyabr bəyannaməsində öz əksini tapıb”, - mərkəz sədri vurğulayıb.
F.Şəfiyevin sözlərinə görə, Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli komissiyası hesabına bu məsələdə müəyyən irəliləyiş var: “Məhz Prezident İlham Əliyevin səyləri nəticəsində 10 noyabr bəyanatına Azərbaycanın əsas hissəsi ilə uzun illər Ermənistan tərəfdən blokadada qalmış Naxçıvanı birləşdirən yolun açılması müddəası daxil edilib. Bununla yanaşı, bəyannatda regionda bütün nəqliyyat şəbəkələrinin açılması qeyd olunur və Azərbaycan qanunvericiliyinə əməl etmək şərti ilə bizim üçün Azərbaycanın bütün ərazisində sərbəst hərəkətin təmin olunması vacibdir.
Ümumiyyətlə, iqtisadi əməkdaşlıq gələcəkdə regionda sülhün möhkəmlənməsi üçün platforma rolunu oynaya bilər”.



Xəbərlər  Tarix:   31 Mart 2021 / 15:17


« Əvvəlki xəbər (516 / 5298) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR