Bakı Nəqliyyat Agentliyinin ilk dəfə maliyyə hesabatı açıqlanıb

Bakı Nəqliyyat Agentliyi (BNA) 2018-ci ili 32,156 milyon manat zərərlə başa vurub. Bununla da, Agentliyin yığılmış zərəri 3,7 dəfə artaraq 44,182 milyon manata çatıb.
“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, həmin il BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib. Agentliyin xərcləri isə 32,224 milyon manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1,659 milyon manat, amortizasiya xərcləri 8,132 milyon manat, əməliyyat xərcləri 16,416 milyon manat, digər xərcləri isə 6,019 milyon manat təşkil edib.
2019-cu il yanvarın 1-nə BNA-nın aktivləri 139,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,5 dəfə artaraq 139,616 milyon manata çatıb, o cümlədən 49,068 milyon manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar isə təxminən 2 dəfə artaraq 134,73 milyon manat olub.
Xatırladaq ki, BNA “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” dövlət başçısının 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.



Xəbərlər  Tarix:   22 İyun 2021 / 14:40


« Əvvəlki xəbər (2349 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR