Bu il Azərbaycanda fermerlərə 152 milyon manatdan çox subsidiya ödənilib

2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.
Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. “Fermerlərin əkinlərini vaxtında və doğru bəyan etməsi bizə subsidiyaları tez ödəmək imkanı verdi”, - deyə Ruslan Zeynal vurğulayıb.
AKİA rəsmisi əlavə edib ki, monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcək. Hazırda Agentlik digər subsidiyaları da ödəyir. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 milyon manatdan çox subsidiya ödənilib.
Aqrar subsidiyalar “Fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan vəsaitdir. Nağdlaşdırılmayan vəsait fermerlərin təchizatçılardan təsərrüfatları üçün toxum, gübrə, pestisid əldə etməsi üçün nəzərdə tutulub.
Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.



Xəbərlər  Tarix:   23 İyun 2021 / 13:41


« Əvvəlki xəbər (352 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR