Avqustun 1-dən xarici televiziyalarla bağlı qanunvericiliyin pozulmasına görə tədbirlərə başlanılacaq

2021-ci il iyunun 30-da Milli Televiziya və Radio Şurasında Əqli Mülkiyyət Agentliyinin səlahiyyətli nümayəndələri və iri kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.
MTRŞ-dan "Report"a bildirilib ki, görüşü giriş sözü ilə açan Şura sədri İsmət Səttarov qonaqlara yeni "Media haqqında" qanun layihəsi barədə məlumat vermiş, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdııb.
Daha sonra Şura sədri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danışıb, Şuranın bu məsələyə bundan sonra daha həssas yanaşaraq Əqli Mülkiyyət Agentliyi ilə birgə fəaliyyət göstərəcəklərini vurğulayıb.
Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov çıxışında bildirib ki, son zamanlar həqiqətən də kabel yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı bir sıra problemlər mövcuddur. Yayım zamanı əqli mülkiyyət hüquqlarının lazımi səviyyədə qorunmaması ölkəmizin reytinqinə mənfi təsir göstərir. Lakin həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həll etmək mümkündür.
Şura sədri son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, 1 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəkdir.
Daha sonra Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov və Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri İqbal Əsgərov kabel operatorlarının rəhbərlərinin suallarına cavab verib, əqli mülkiyyət sahəsində onları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.
Bu kimi tədbirlərin digər kabel operatorlarının iştirakı ilə də təşkil olunmasının zəruriliyi, həmçinin, yayım və retranslyasiya zamanı əqli mülkiyyətin qorunmasının hüquqi və texniki aspektləri ilə bağlı daha geniş tədbirlərin keçrilməsinin vacibliyi bildirilib.



Xəbərlər  Tarix:   30 İyun 2021 / 15:12


« Əvvəlki xəbər (337 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR