"Hərə bir kamera tapıb özünü jurnalist elan edib" - RƏY

Bir neçə gündür kütləvi informasiya vasitələri və sosial media səhifələrində bir neçə şəxsin reketlik edərək jurnalist adından istifadə edib şəhid ailələrindən şəhidlər haqqında material hazırlamaq məqsədilə və rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələri barədə məlumatlar yayılıb.
Araşdırmalarla Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilib.
Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh cəzası seçilib.
Digər şəxs isə “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahov öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ekspertlər bildirir ki, adıçəkilən şəxslərin jurnalistikaya aidiyyatları yoxdur və mənsubu olduqlarını iddia etdikləri saytlar belə cəmiyyət tərəfindən tanınmır. Buna görə də belə hadisələr zamanı tolerantlıq nümayiş edilməməli və həmin şəxslər qanun çərçivəsində cəzalandırılmalıdır.
Məsələ ilə bağlı “Report”a açıqlama verən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid belə halları mənəvi tənəzzülün nəticəsi hesab edir:
“İndi media və jurnalist adına iddia edən hədən çox insan var. Biz görmüşük ki, jurnalist adı samballı addır, cəmiyyətin aparıcı qüvvəsidir, ziyalıdır. Amma təəssüf ki, indi xaotik vəziyyət yaranıb. Hamı jurnalist adına iddia edə bilir. Hərə bir kamera tapıb, bloger, yutub kanalı idarəçisi kimi özünü jurnalist elan edib, jurnalist adına xələl gətirdilər. Bilirik ki, media haqqında yeni qanun hazırlanır. Həmin qanunda həm jurnalist kimdir, həm də media subyektləri açıq-aydın göstəriləcək. Elə bilirəm ki, bu qanun xaotik vəziyyətin qarşısını almağa cəhddir. Amma bu cür hərəkətlər qınanmalıdır. İctimaiyyətin qınağına tuş gəlməlidir ki, növbəti dəfə belə hərəkətə yol verilməsin”.



Xəbərlər  Tarix:   13 İyul 2021 / 15:26


« Əvvəlki xəbər (2270 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR