Kənan Quluzadə: "Hökumətin son qərarı turizmin inkişafına imkan yaradacaq"

“Azərbaycana vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin siyahısının genişləndirilməsi turizmin inkişafına imkan yaradacaq".
Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişikliyi şərh edərkən deyib.
Turizm rəsmisi hesab edir ki, Avropa ölkələrinin vətəndaşları Azərbaycan turizmi üçün hədəfdir: "Son siyahı əsasən Kanada, Avstraliya və Avropa ölkələrinə aiddir. Bildiyiniz kimi, Avropa ölkələri Azərbaycanın prioritet turizm bazarlarındandır. Biz düşünürük ki, bu, turizmin inkişafı üçün müəyyən imkanlar yaradacaq. Hazırda 29 ölkənin rezidentlərinə Azərbaycana gəlməyə icazə verilib. İlk olaraq bu şərait Rusiya və Türkiyə vətəndaşlarına yaradılmışdı. Daha sonra bu siyahıya 7 ölkə əlavə edildi. Bura həm yaxın Şərq ölkələri, həm də Şimali Amerika ölkələri daxildir. Biz düşünürük ki, bu coğrafiya daha da genişlənəcək. Çünki Azərbaycanda həm uğurlu vaksinasiya prosesi həyata keçirilir və əhalinin çox hissəsini əhatə edir, həm də sadalanan ölkələrdə də bu məsələ var. Belə ki, pandemiyaya qarşı mübarizə aparıldıqca, vaksinasiya prosesi getdikcə dünya üzrə turizm sahəsi də yavaş-yavaş bərpa edilməyə başlayır. Bu heç də onu deməyə əsas vermir ki, bu il tam bərpadan söhbət gedə bilər. Tam bərpa, yəni 2019-cu ilin göstəricilərinə qayıtma optimistik yanaşma ilə 2023-cü ildə gözlənilir. Amma bir qədər uzaq zaman götürüləndə 2025-ci ildə qlobal turizm və Azərbaycan turizminin özünü bərpa edəcəyi gözlənilir.
Əgər ötən illə müqayisə etsək rəqəmlərdə artım var. Bu artım həm Azərbaycandan xaricə gedənlərin, həm də xaricdən ölkəmizə gələnlərin sayında da müşahidə olunur. Faktiki olaraq ötən il turizm olmayıb”, - deyə o qeyd edib.



Xəbərlər  Tarix:   4 Avq 2021 / 15:53


« Əvvəlki xəbər (192 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR