Görkəmli alim Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konqres öz işinə başlayıb

Bu gün Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konqresin açılış mərasimi keçirilib.

Mərasimdən öncə tədbir iştirakçıları görkəmli elm xadiminin məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Azərbaycan Tibb Universitetinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev qonaqları salamlayaraq Tamerlan Əliyevin alim, həkim, pedaqoq və insan kimi zəngin həyatı, onun keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün mənəviyyat dərsi, müdriklik məktəbi olduğunu vurğuladı.

T.Musayev görkəmli alimin bütün həyatı boyu öz gücünü və bacarıqlarını doğma Azərbaycana xidmətə sərf etməsini, ömrünün son günlərinədək öz prinsiplərinə, xalqın rifahı naminə fədakar əməyə sadiq qaldığını bildirdi: “Tamerlan Əliyev unikal təbii ehtiyatlarla – mineral sular, palçıq vulkanları, naftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirirdi”.

Çıxışının sonunda Teymur Musayev görkəmli alimin xatirəsini anmağın ən gözəl yolu olan beynəlxalq elmi konqresin işinə uğurlar arzuladı.

ATU-nun rektoru, professor G.Gəraybəyli qeyd edib ki, hər kəs dünyaya bir dəfə gəlir və həyat tərzi, insanlara münasibəti, gördüyü işlər və əxlaqı ilə öz həyat kitabını yaradır. Məhz bu keyfiyyətlərinə görə bəzi insanlar həyatdan köçən kimi unudulur, bəziləri isə əsrlər boyu yaddaşlara həkk olunur, xatirələrdə yaşayır. Belə şəxsiyyətlərdən biri də 100 illik yubileyi qeyd olunan böyük alim Tamerlan Əliyevdir.

Rektor bildirib ki, Azərbaycanda kardioloji xidmət sisteminin elmi təşkili və bu sahədə kadrların hazırlanmasında Tamerlan Əliyevin əvəzsiz xidmətləri olub: “Yüksək elmi potensialı sayəsində qısa müddətdə Tamerlan müəllimin rəhbərliyi altında 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır və onlar hazırda müxtəlif kafedraların rəhbərləri, endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir.

Professor Tamerlan Əliyev 250-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiya və 1 dərsliyin müəllifidir. O, 1981-ci ildə “Klinik laborator-diaqnostik tədqiqat üsulları” monoqrafiyasına görə Respublikanın Dövlət Mükafatına layiq görülüb.

Həkim, alim və müəllim keyfiyyətlərini özündə birləşdirən Tamerlan Əliyev Respublika Səhiyyə Nazirliyinin baş terapevti olmaqla yanaşı, uzun illər Azərbaycan Tibb Jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət Tibb İnstitutunun dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi Şurasının sədri vəzifələrində çalışıb. O, elmi-metodik işlərin nəticəsinə görə Elmi İxtiralar və Səmərələşdirici Təkliflər üzrə SSRİ Dövlət Komitəsinin 3 şəhadətnaməsini alıb”.

ATU-nun rektoru qeyd edib ki, Tamerlan Əliyev Azərbaycanın hüdudlarından kənarda da yaxşı tanınan və hörmətlə qəbul edilən alim idi. O, bir çox beynəlxalq miqyaslı konfrans və simpoziumlarda iştirak edib: “Tamerlan müəllimin insani xüsusiyyətlərini də ayrıca vurğulamaq lazımdır. O olduqca sadə, müdrik, qayğıkeş və xoş xasiyyətli insan idi; həmişə ona müraciət edənləri səbrlə dinləyər, ehtiyacı olanlara təmənnasız yardım edər, gəncləri elmə həvəsləndirərdi”.

Professor Gəray Gəraybəyli əminliklə bildirib ki, Tamerlan Əliyevin bizlərə qoyub getdiyi elmi irsi, xeyirxah əməlləri yaşayır və yaşayacaq, daim tibb sahəsinin inkişafı üçün təməl rolunu oynayacaq, yeni uğurların bünövrəsi olacaq.

Daha sonra Tamerlan Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və ATU-nun professoru Rafiq Məmmədhəsənov böyük alimin həyat və fəaliyyəti ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Daha sonra Türkiyə Gazi Universitetinin rektoru, professor Musa Yıldız “Tibb sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı” mövzusunda, Rusiya Tibb Elmləri Akademiyasının vitse-prezidenti Anatoli Martınov isə T.Əliyevin elmi nailiyyətlərinə həsr olunmuş yubiley nitqi ilə çıxış edib.

Bununla da açılış mərasimi başa çatıb. Qeyd edək ki, elmi-praktik konqres öz işini üç gün ərzində simpoziumlarla davam etdirəcək.



Xəbərlər  Tarix:   6 Okt 2021 / 13:41


« Əvvəlki xəbər (1904 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR