Vətən müharibəsi şəhidi Vüsal Həsənovun barelyefinin açılış mərasimi keçirilib

Oktyabrın 28-də Vətən müharibəsi şəhidi Həsənov Vüsal Ariz oğlu əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyefin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmış, şəhidin barelyefi önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Şəhidin anası Mərifət Həsənova şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişdir.
Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.



Xəbərlər  Tarix:   28 Okt 2021 / 15:57


« Əvvəlki xəbər (1837 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR