“Niyyəti bəlli düşmənin özünü görmək çətin deyildi”

Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfər Azərbaycan Ordusunun qadirliyinin təsdiqi oldu. Ermənistan da, onun havadarları da gördülər ki, vətənpərvərlik işğalçılığı diz çökdürdü. Gördülər ki, Azərbaycan Ordusu düşmənin on illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi sədləri darmadağın etdi. Döyüşlərdə iştirak edənlər də, ictimaiyyət də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi digər fikirlər kimi "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq" fikrini də böyük qürurla yaşayıb, yaşadır. Vətən müharibəsi iştirakçıları ilə söhbətlərimizdə Vətən müharibəsindən, döyüşlərdən, mövqe qələbələrindən, Zəfərdən danışırıq. Hər söhbəti Vətən müharibəsinin tarixi bilirik.
"N" hərbi hissəsində hərbi qulluqçular döyüşləri xatırladılar. Həm də qürurla xatırladılar. Xatırlananları zaman anlamında dünənlərin işığı bildik.
Baş leytenant Abdulla Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Artilleriyaçıdır. "Piyadalar gördüyü, müşahidə etdiyi düşmənlə döyüşür. Artilleriyaçılar əksər vaxtlarda düşmənin görünməyən mövqelərində qruplaşmalarıyla, döyüş texnikalarıyla, gizli sığınacaqlardakı canlı qüvvəsiylə döyüşürlər. Görünməmə amili çətinlik törədirmi?" - soruşdum. Abdulla gülümsündü:
- Yüz illərdi artilleriyanın döyüşü belədi. "Şıxlinski üçbucağı" belə döyüşlərin nəzəri əsasıdı. Dünyanın bütün dövlətləri artilleriyasını "Şıxlinski üçbucağı" əsasında qurub inkişaf etdirib.
Bir anlığa duruxdu. Sonra alnını ovuşdurdu:
- Müharibədə müşahidə təkcə gözlə aparılmır, həm də ürəyin gözüylə aparılır. Vətən müharibəsində də belə döyüşdük. Biz düşmənlə üz-üzə döyüşənlərimizi kifayət qədər gərəkli səviyyədə artilleriya atışları ilə dəstəklədik.
Füzuli rayonunun Alxanlı kəndi istiqamətindəydik. Komandirin göstərişi ilə təyin olunmuş yerdə mövqelənmişdik. Çox uzaqlardan döyüş texnikalarının səsi, atış səsləri gəlirdi. Bu məqamda bizə düşmən tanklarının koordinatları verildi. Biri digərindən bir qədər aralı 4 tank yaxınlaşırdı. Elə bil biri digərini izləyirdi. Bir qədər gözləməyi qərara aldıq. Niyə? Təkcə atışın dəqiqliynə görəmi? - yox. Güman edirdik ki, o tankların arxasınca düşmənin digər tankları, piyadaları da gələ bilər. Anlar ötüşüncə həyəcanlanırdıq. Bu atış bizim Vətən müharibəsində ilk atışımız olacaqdı.
Döyüşçünün həyəcanı barmağı tətiyə toxunduğu anda sovuşur. Müharibədə ilk və son güllə amili var. Baş leytenant Abdulla Əliyev də bu amildən söz açdı.
- Bu mənim Vətən müharibəsində ilk döyüşüm idi. Kursant olanda öyrəndiklərim, təlimlərdə təkmilləşənlər indi döyüş bacarığı kimi gərəkli olacaqdı. Düşmənin tanklarından əvvəl birini, sonra digərlərini məhv etdik. Dördü də alışdı. İlk atışda nisbi həyəcan sonrakı atışlarda sovuşdu. Mənə elə gəldi ki, bu atışlara görə tankçı şəhid qəhrəmanlarımızın ruhunun səsini eşitdim: Əlinizə sağlıq, qardaş!..
Baş leytenant Abdulla Əliyevə mən də "Əlinizə sağlıq!" dedim. Həm öz adımdan, həm də 2017-ci il iyulun 5-də ermənilərin atdığı mərmilərin qəlpələrindən həlak olan 18 aylıq Zəhranın əvəzindən dedim. Mənə elə gəldi ki, ağacların yarpaqları titrəşdi...
Baş leytenant Abdulla Əliyev dedi ki, mərminin sürəti böyük olur. Atış anından koordinata çatma və obyekti məhvetmə müddəti çox deyil. Bu amili bir atışın mahiyyətini dürüst anlatmaq üçün dedi:
- Düşmən tankı tank üçün hazırlanmış səngərdən çıxır, atəşlər açır, sonra yenə görünməz olurdu. Komandanlıq bu tankın vurulmasını əmr etdi. Müşahidə apardıq. Onun iki atışı arasında zaman fərqini müəyyənləşdirdik. Atışı bu fərqə görə nizamlamağı qərara aldıq. Yəni, tankın növbəti görünmə müddətini təxmin edib atış vaxtını müəyyənləşdirdik. Atış düşmənin tankını alışdırdı...
Xatırladım ki, Füzulinin Babı kəndi yaxınlığında gedən döyüşlərdə düşmən snayperi döyüşçülərimizə hücuma keçməyə imkan vermir; dikələni vurur, sonra görünməz olurdu. Hücum üçün snayper məhv edilməli idi. Əmr məsafədən icra edilə bilərdi. Artilleriya atəşi ilə. Həmin snayper də məhv edildi. Piyadalarımız mühüm mövqe qələbəsi qazandı. Bu qələbə sonrakı qələbələrə, sonrakı qələbələr Zəfərə yol açdı...
Baş leytenant Abdulla Əliyevin özü də, batareyanın şəxsi heyəti də sonrakı döyüşlərdə də komandanlığın, hərbi hissə rəhbərliyinin əmrlərini məsuliyyətlə, qətiyyətlə yerinə yetirdi...
Baş leytenant Abdulla Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib...
"Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi mən də qürurlanıram. Həm də Vətən müharibəsinin iştirakçısı olmağımla qürurlanıram. Həm də batareyamızın şəxsi heyətinin hərbi xidməti ilə qürurlanıram..." - baş leytenant Abdulla Əliyev belə dedi. Səmimi kəlmələr idi...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"



Xəbərlər  Tarix:   3 Noy 2021 / 15:16


« Əvvəlki xəbər (1817 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR