Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nuri Xəyal Şakir oğlunun xatirəsi ehtiramla anıldı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
4 noyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nuri Xəyal Şakir oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi Nuri Xəyal Şakir oğlu - 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdu. Vüqar Rüstəmov adına tam orta məktəbdə təhsil almışdı. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdu. Aprel döyüşlərinin iştirakçısı idi. 2017-ci ildən "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Xəyal Nuri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Xəyal Nuri 4 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağayrı kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!



Xəbərlər  Tarix:   4 Noy 2021 / 14:54


« Əvvəlki xəbər (68 / 5554) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR